İran

İranlı nazir: ABŞ-ın siyasəti nəticəsində neftin qiyməti yüksəlir və bazara inam azalır

ABŞ rəhbərliyinin apardığı siyasət nəticəsində neftin qiyməti yüksəlir və bazara inam azalır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İranın neft naziri Bijən Namidar Zəncənə deyib.

“ABŞ Prezidenti Donald Tramp neftin qiymətinin bahalaşmasını istəmirsə bölgədə təzyiqi artıran müdaxilələrdən, İranın neft istehsalı və ixracına maneə olmaqdan əl çəkməlidir. ABŞ rəhbərliyinin apardığı siyasət nəticəsində neftin qiyməti yüksəlir və bazara inam azalır. D.Tramp İranın neft ixracını azaltmağa çalışarkən “qara qızıl”ın qiymətinin artmasını da istəmir. Bu ikisi birgə mümkün deyil”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, ABŞ noyabrın 5-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.