Qazaxıstan

Qazaxıstan neft ixracını 4,3% artırıb

Qazaxıstanın neft ixracı bu ilin ilk dörd ayında ötən ilin analoji dövrü ilə müqayisədə 4,3 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib. O bildirib ki, ilin əvvəlindən indiyədək Qazaxıstandan 24,1 milyon ton neft ixrac edilib. Beləliklə, 4 ayda ölkənin neft ixracı 2017-ci ilin eyni dövrünə nisbətən 4,3 faiz artıb.

Hesabat dövründə Qazaxıstanın xam neft və kondensat istehsalı əvvəlki illə müqayisədə 6 faiz artaraq 29 milyon 900 min ton olub. Ölkənin ən böyük neft yataqları olan “Tengiz”, “Kaşagan” və “Karaçaganak”dan ümumilikdə 17,9 milyon ton neft çıxarılıb.

Dörd ayda Qazaxıstanın neft məhsulları istehsalı isə 2017-ci ilin eyni dövrünə nisbətən 12 faiz artaraq 5,1 milyon tona yüksəlib.