Dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Royal Dutch Shell” “Gazze Marine” Konsorsiumunu tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fələstin hökuməti məlumat yayıb. Bildirilir ki, “Shell”in Şərq Aralıq dənizi hövzəsindəki “Gazze Marine” yatağının inkişafına dair konsorsiumundan ayrılıb. Hökumət “Shell” ilə apardığı kommersiya və hüquqi müzakirələrdən sonra şirkətin “Gazze Marine” konsorsiumundan ayrılmasını təsdiq edib.
“Shell” iki il əvvəl bölgədə fəaliyyət göstərən “British Gas” şirkətinin səhmlərini almışdı. Aralıq dənizində Qəzza sahillərindən 36 kilometr uzaqlıqda olan “Gazze Marine” Şərq Aralıq dənizi hövzəsində kəşf edilən ilk yataqlardan biridir. 90-cı illərdə aşkar olunan yataq 2000-ci ildə “British Gas” şirkəti tərəfindən işlənilib. Yataqda təxminən 1 trilyon kubfut təbii qaz ehtiyatının olduğu təxmin edilir.