Azərbaycan, Materiallar

Qarşıdakı 3 ildə “Cənub Qaz Dəhlizi” QSC-nin xərcləri $5 mlrd-dan çox olacaq

“Fitch” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” (CQD) QSC-nin uzunmüddətli avrobondlar üzrə reytinqini “BB+” səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.

“Reytinqin təsdiqi “Cənub Qaz Dəhlizi” QSC-nin Azərbaycan hökuməti tərəfindən zəmanət verilmiş, ümumi həcmi$2 mlrd. olan (avrobondların 2 buraxılışı çərçivəsində) və müddəti 2026-cı ildə başa çatan avrobondlara agentliyin dəyişməyən mövqeyini, habelə Azərbaycanın istiqraz sahiblərinə verilmiş zəmanətləri tam şəkildə və vaxtında yerinə yetirməyi öhdəsinə götürdüyünü əks etdirir”, – deyə məlumatda bildirilir.

“Fitch” qeyd edir ki, Azərbaycan öhdəliklərini yerinə yetirmək üçün 2017-ci ilin dövlət büdcəsində ehtiyat vəsait ayırıb.

Agentlik CQD rəhbərliyinin proqnozlarına istinadən bildirir ki, 2017-2019-cu illərdə əməliyyat və kapital xərcləri üçün CQD-nin xalis maliyyə tələbi təxminən $5,4 mlrd. təşkil edəcək.

Agentlik proqnozlaşdırır ki, CQD ortamüddətli perspektivdə maliyyələşməni təmin etmək üçün inkişaf institutlarından kredit və kapital bazarlarını cəlb edəcək, təklif olunan bazar şərtləri məqbul olmadığı halda istiqrazlar və kreditlər dövlət əsaslı vəsait qoyuluşları ilə tamamlana bilər.