logo

Neft Fondu 10 ayda AÇG və “Şahdəniz”-dən gələn gəlirləri açıqladı

Views: 76

gnfa_s2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından hasil edilən mənfəət qazının satışından $4 mlrd. 85 mln. gəlir əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.

“ARDNF-in məlumatına əsasən, göstərilən məbləğin $4 mlrd. 21 mln.-nu “Azəri-Çıraq Günəşli” (AÇG) blokundan hasil edilmiş mənfəət neftinin, $64 mln.-nu “Şahdəniz” yatağından hasil edilmiş mənfəət qazının satışından daxilolmalar təşkil edib”, – deyə fonddan qeyd ediblər.

Ümumilikdə 2001-ci ildən 2016-cı il noyabrın 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından $121 mlrd. 30 mln., “Şahdəniz” yatağından hasil edilmiş mənfəət qazının satışından (2007-ci ildən – İF-Az) $2 mlrd. 506 mln. vəsait daxil olub.

Xəbər verildiyi kimi, 2015-ci ildə ARDNF-in “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından hasil edilən mənfəət qazının satışından əldə etdiyi gəlirlər $7 mlrd. 223 mln. təşkil edib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.

Layihənin iştirakçıları Britaniyanın BP (35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inpex” (10,96%), “Itochu” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Statoil” (15,5%), SOCAR (16,7%), “Petronas” (15,5),“LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart