Oktyabrın 18-də SOCAR-ın Baş ofisində Şirkətin istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Konfransda SOCAR prezidenti Rövnəq Abdullayev, Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Araz Əliyev, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Fariz Əzizov, SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu, SOCAR rəhbərliyinin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
SOCAR istiqarazları ilə bağlı qısametrajlı film nümayiş etdirildikdən sonra tədbiri giriş sözü ilə açan SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu istiqrazlarla bağlı son vəziyyəti iştirakçıların diqqətinə çatdırmış, görülmüş işlər barədə qısa məlumat vermişdir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək əvvəlcə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin yaradılmasının 25-ci ildönümü münasibətilə iştirakçıları və bütün xalqı təbrik etmiş, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən müvəffəqiyyətlə davam etdirilən uzaqgörən və müdrik siyasi kursun ölkəmizə qazandırdığı uğurlardan söz açmışdır. SOCAR prezidenti istiqrazların buraxılmasını həyata keçirilən bu uğurlu siyasətin tərkib hissəsi kimi qiymətləndirmiş, Azərbaycan Kapital Bazarının inkişafına mühüm töhfə verdiyini qeyd etmişdir. O, bu İstiqrazların Təkrar Bazarda tədavülü tarixinin məhz Dövlət müstəqilliyinin 25-ci ildönümü ilə üst-üstə düşməsini SOCAR üçün xüsusi önəm kəsb etdiyini bildirmişdir. Rövnəq Abdullayev 20 sentyabr – 10 oktyabr tarixlərində satışa çıxarılan və ölkə vətəndaşlarına etibarlı və gəlirli yeni investisiya imkanı təklif edən SOCAR istiqrazlarının uğurlu satış nəticəsi ilə bağlı ətraflı məlumat vermişdir.
Onun sözlərinə görə, Emissiya Prospektində də olduğu kimi, satışlarda üstünlük fiziki şəxslərə, yəni Azərbaycan Respublikasının vətəndaşlarına verilmiş, sifarişlərin 90%-dən çoxu onlara aid olmuşdur. Cəmi 100 milyon ABŞ dolları məbləğində buraxılan SOCAR İstiqrazlarına 203 milyon dollardan artıq sifariş gəldiyini xatırladan Rövnəq Abdullayev istiqrazların yerli investorlar tərəfindən belə böyük maraq və tələbatla qarşılanmasını ölkəmizin daxili kapital bazarının gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir.
SOCAR prezidenti 14 oktyabrda Bakı Fond Birjasında SOCAR istiqrazlarının yerləşdirildiyini və 5 il müddətində, yəni 2021-ci ilədək Təkrar Bazarda tədavülünün davam edəcəyini, bu müddət ərzində də təyin etdiyi marketmeyker vasitəsilə SOCAR-ın bazarda daim tənzimləyici və alıcı qismində iştirak edərək buraxdığı istiqrazları satmaq istəyən investorlardan nominal qiymətdən (1000 ABŞ dolları) alacağını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, artıq İkinci Bazar əməliyyatlarına start verilmiş, yerli investorlarla bərabər xarici ölkə vətəndaşlarının və hüquqi şəxslərin də SOCAR İstiqrazlarını İkinci Bazardan əldə etmək imkanı var.
Çıxış edənlər 20 günlük sifariş müddətində vətəndaşların və yerli hüquqi şəxslərin SOCAR İstiqrazlarına göstərdiyi böyük maraqdan danışmış, eyni zamanda bu buraxılışın Azərbaycan Kapital Bazarını stimullaşdıraraq, daha böyük uğurlara vəsilə olacağına inandıqlarını qeyd etmişlər.