Müəssisə 20 saylı quyunun tikintisi işlərinə start Verdi
SOCAR-AQŞ 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 760 m olan 20 saylı quyuda qazma işlərinə başlayıb. Caspian Barrel bu haqda şirkətin mətbuat xidmətinə əsasən məlumat verir.
Qeyd edək ki, 20 saylı quyunun Qırmaki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır. Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyətlərə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaqdır.
Yeni qazılan istismar quyusunun azimutu 25 dərəcə, inhirafı isə 253 m təşkil edir.
Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
* SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir.
Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Hal-hazırda SOCAR-AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı və ‘’Ümid’’ yatağının 1 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.
Müəssisə, eyni zamanda ‘’Bulla’’ və ‘’Günəşli 7’’ yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.
Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.