logo

Neftin qiyməti necə olacaq və manatı nə gözləyir

Views: 37

Qətərin paytaxtı Doha şəhərində ötən bazar günü keçirilən görüşdə heç bir razılaşmanın əldə olunmayacağı qabaqcadan bəlli idi. Çünki bu və ya digər razılaşmanın əldə olunması üçün mövqelərin ən azı yaxın olması vacibdir. OPEC-in neftin qiymətinə təsir etmək gücündə olan ölkələri arasında isə ziddiyyət mövcuddur.

neft-manatSəudiyyə Ərəbistan ilə İranı xüsusən qeyd etmək lazımdır. Bunlardan biri bazara yenicə daxil olub, digəri isə bazarda demək olar, mütləq hakimdir. Amma hər ikisi də özlərini elə aparır ki, guya, bazarın əsil sahibinin, başqa sözlə desək, tələb və təklif şərtlərinin birbaşa olmasa da, dolayı yolla diqtəçisinin əslində, hansı ölkə olduğunu bilmirlər. Söhbət, ABŞ-dan gedir.

Odur ki, baş verənlərə kənardan diqqətlə yanaşdıqda əslində, çox gülməli vəziyyətin yarandığı görünür. Belə ki, Ər-Riyad dünyada ən ucuz neft hasil edilən məkan adından çıxış etdiyindən bazarda özünü diqtə edən tərəf kimi hiss edir və hegemon aparır. Bu üzdən də artıq, 1 ildən çoxdur ki, bazarda qiymətləri aşağı salmaqda ən çox maraqlı tərəf olduğunu nümayiş etdirir.

Halbuki, bunda elə bazarın “mülkədarı” sayılan Vaşinqton daha çox maraqlıdır. Sadəcə, bu məsələdə tərəflərdən hər birinin öz məqsədi var. Belə ki, Səudiyyə Ərəbistanın məqsədi və maraqları sırf iqtisadi xarakter daşıyırsa, ABŞ-ınki siyasidir. Üstəlik, sonuncunun çox güclü iqtisadi və maliyyə baxımdan təsir alətləri də var.

İndi çox maraqlı vəziyyət yaranıb. Məsələ bundadır ki, Səudiyyə Ərəbistanı hazırda istəsə belə, qiymətləri əvvəlki səviyyəyə, yəni 100 dollardan yuxarı qaldıra bilməz. Çünki əvvəla, ortada ABŞ-ın bayaq qeyd etdiyimiz kimi çox güclü iqtisadi təsir rıçaqları var. Belə ki, adi Federal Ehtiyat Sistemi faiz dərəcəsini 0,25% səviyyəsində qaldırarsa dolların möhkəmlənməsi ilə neftin qiyməti dərhal azı 5-10 dollar düşəcək.

İkincisi isə, İran amili var. Yəni, Ər-Riyad neft məsələsində rəqabətdə (şist hasilatına görə) Vaşinqtona “badalaq” gəlmək istəsə də, Vaşinqton buna bir növ bazarın qapılarını Tehranın da üzünə açmaqla cavab verdi.

Doha görüşündə də yekdil qərar məhz bu iki ölkə – Səudiyyə Ərəbistanı ilə İran arasında əldə olunmaması nəticəsində qəbul edilə bilmədi.
Xatırladaq ki, ötən şərhimizdə də yazmışdıq ki, Səudiyyə Ərəbistanı ilə İranın münasibətləri heç bir müstəvidə yaxşı deyil. Sanksiyalar ləğv edildikdən sonra İran demək olar, bütün sahələrdə “qazı sonadək basmış” vəziyyətdədir. Odur ki, bu iki ölkə arasında mövcud ziddiyyətlər baxımından, hasilat barədə OPEC-də yekdil qərara gəlinəcəyi əsla, mümkün deyildi.

Bütün bunlar artıq məlumdur. Bəs, neftin qiyməti bundan sonra necə olacaq?

Məlumdur ki, Dohada keçirilən görüşdə OPEC üzvü olmasa da ölkəmizin energetika naziri Natiq Əliyev də iştirak edirdi. Bundan sonrakı proseslər bizə necə təsir edəcək?

Məsələ bundadır ki, ciddi heç bir dəyişiklik baş verməyəcək. Bütün diqqət ABŞ-ın yeridəcəyi siyasətə yönəlməlidir. ABŞ isə öz işindədir. Belə ki, bazarda süni qarşıdurma yaratmaqla əlavə vaxt qazanan bu ölkə texnoloji inkişafla hasilatın dəyərini demək olar, gündən-günə aşağı salmaqla məşğuldur. Məsələn, bir az əvvəl slans nefti maksimum 60 dollara əldə olunurdusa, hazırda 40 dollar civarına başa gəlir. Odur ki, neftin dünya bazar qiymətləri də yaxın perespektivdə elə buna yaxın ətrafda rəqs edəcək.

O ki qaldı Azərbaycana, nəzərə alsaq ki, 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər edilməklə neftin nəzərdə tutulan qiyməti 1 barelə görə 25 ABŞ dollarına salınmışdır, bizim üçün də hazırda müşahidə olunan qiymət sərfəlidir. Çünki bu, paralel olaraq islahatların aparılması üçün də stimul yaradır.

Sözügedən islahatların əsas məqsədlərindən birini isə manatın məzənnəsini neftə bağlılıqdan qutarmaq təşkil edir. Qiymətlər, qeyd etdiyimiz kimi, 40 dollara yaxın və ondan nisbətən yuxarı ətrafda rəqs edərsə, manatın dəyəri üçün yaxında heç bir təhlükə gözlənilmir…

Pərviz Heydərov
AzVision.az üçün

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart