2016-cı ildə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) 6,3 mlrd. kubmetr qaz hasil edəcəyi proqnozlaşdırılır. Bu barədə energetika naziri Natiq Əliyev cümə günü rəsmi mətbuatda dərc edilmiş məqaləsində məlumat verib.
Qeyd edək ki, 2015-ci ildə SOCAR 6,9 mlrd kub metr qaz hasil etmişdi. Bu baxımdan əmtəəlik qaz hasilatının 600 milyon kub metr azalması proqnoz edilir.
“2016-cı ildə SOCAR tərəfindən qaz hasilatı 6,3 mlrd. kubmetr, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan isə səmt qazının hasilat həcmi 12,9 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılıb”, – deyə nazir qeyd edib.
“2015-ci ildə 29,1 mlrd. kubmetr qaz (2014-cü illə müqayisədə azalma 1,6% – İF-Az), o cümlədən AÇG blokundan 12,3 mlrd. kubmetr səmt qazı (azalma 1,5% – İF-Az) hasil edilib”,- deyə N.Əliyev bildirib.