logo

“Neft bahalaşsa, hər şeyin düzələcəyini deyənlər səhv edirlər” – Ekspert

Views: 71

İlham Şaban: “Neft 2016-2017-ci illərdə kəskin bahalaşmayacaq, maksimum qiymət artımı 10-20 dollar olacaq”, söhbət neftin orta qiymətindən gedir…

images (1)“Hazırda gündəmin ən əsas mövzusu manatın devalvasiyası və onun ölkə iqtisadiyyatına, eləcə də əhalinin sosial durumuna vurduğu ziyandır. Həm ekspertlər, həm də sadə vətəndaşlar bu durumun nə zaman, hansı şərtlərlə düzələcəyi haqqında müzakirələr aparır. Bəzi ictimaiyyət nümayəndələri manatın devalvasiyasına neftin dünya bazarındakı qiymətinin kəskin düşməsinin səbəb olduğunu əsas gətirərək, qeyd edir ki, neft bahalaşsa, mövcud problemlər həllini tapacaq”.
Bu fikirləri musavat.com-a müsahibəsində Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov səsləndirib. O, bildirib ki, neftin qiyməti qalxarsa, hər şey də düzələr.
Eldar İbrahimovun əksinə olaraq, ABŞ-ın dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza proqnoz verib ki, yaxın iki il ərzində neftin qiymətlərində artım olmayacaq: “Yaxın gələcəkdə İran dünya bazarına Azərbaycandan iki dəfə artıq neft çıxaracaq. İran nefti dünya bazarına çıxan kimi qiymətlərin artımının qarşısı yenə alınacaq. Bu gün dünya bazarına bir gün ərzində ehtiyacdan 1 milyon barel artıq neft çıxarılır. Belə şəraitdə neftin yaxın iki il ərzində qalxması ehtimalı yoxdur”.
Bəs, görəsən hazırda baş verən iqtisadi prosesləri nəzərə alsaq, bu iki fikirdən hansının doğrulma ehtimalı daha çoxdur? Neftin bahalaşma ehtimalı nə qədərdir? Neft bahalaşarsa, ölkə iqtisadiyyatındakı bütün problemlər həllini tapa bilərmi?
Musavat.com-un sualını cavablandıran Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deputat Eldar İbrahimovun fikirlərini gülünc adlandırdı: “Millət vəkili “çox gözəl” deyib ki, neft bahalaşan kimi hər şey yoluna düşəcək. Onda bu 15 ildə, bu neftə heykəl qoymaq lazım idi. Çünki, 2006-cı ildə ümumdaxili məhsul 34 faiz artanda heç kim nefti yada salmırdı, hamı bunu Azərbaycan hökumətinin uğuru kimi qələmə verirdi. Son 15 ildə Azərbaycanın neftdən qazandığı uğurlar hökumətin uğuru kimi təqdim edildi. 2015-ci ildə Azərbaycan iqtisadiyyatında birdən-birə çökmə baş verdi, indi bunun günahını neftin üstünə yıxırlar. Ancaq bu böhranda günah təkcə “qara qızıl” idi?
Neft dünya bazarına çıxdığı gündən hər zaman qiyməti ya qalxıb, ya da enib. Azərbaycan hökumətində niyə hələ də bunu anlayan olmayıb? Neftin qiyməti əgər 4 il ardıcıl olaraq 100 dollar civarında olubsa, bu, o demək deyil ki, hər zaman o səviyyədə qalacaq. Hökumət çox böyük səhv edib ki, neftin dünya bazarındakı qiymətinin hər zaman 100 dollar civarında qalacağını düşünüb. Hələ də elə bilirlər ki, neft yenidən bahalaşsa, bütün dərdlərə çarə olacaq. Lakin bu, belə deyil. Bir neçə ildən sonra neftin qiyməti qalxıb, 60-70 dollar olacaqsa da, bu pul əvvəlki dəyərində olmayacaq. Burada inflyasiyanı da nəzərə almaq lazımdır”.
İ.Şabanın sözlərinə görə, İMF-də və Dünya Bankında dəqiq hesablanıb ki, bir neçə ildən sonra neft bahalaşsa, həmin pul inflyasiya göstəricisi ilə nə qədər aşağı düşəcək: “Əgər 2025–ci ildə neft 100 dollar olacaqsa, o 2010-cu ilin qiymətləri ilə 89 dollar dəyərində olacaq. Yəni, 2025-ci ilin 100 dolları, 2010-cu ildə alıcılıq qabiliyyətinə görə, 89 dollara bərabər olacaq. Başqa bir məsələ də odur ki, 2025-ci ildə Azərbaycanın neft hasilatı da kifayət qədər azalacaq. Gərək hörmətli deputatlar maariflənsinlər və bu məsələlərdən məlumatlı olsunlar ki, nefti çıxarmaq bir düyməni basmaqla baş tutan iş deyil. Hər il Azərbaycanda neft hasilatı azalır. Neft azaldıqda isə maya dəyəri artır. Çünki, ona qoyulan kapital və istismar xərcləri artır. Belə məsələləri bilmədən ancaq millət vəkili olub, hökumətə yarınmaqla heç nəyə nail olmaq mümkün deyil.
Beyin mərkəziləri isə deyir ki, Azərbaycan bundan sonra 50 milyon ton neft də hasil etsə, 2010-cu ildəki rifahı görə bilməz. Çünki, manat və ölkə iqtisadiyyatı artıq 2010-cu il səviyyəsində deyil. Məsələ burasındadır ki, hazırkı böhran öz işini kifayət qədər görüb: fikir verin, 15 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 10 milyard dollara qədər azalıb, manat isə 98% dəyərini itirib. Başqa bir məsələ isə ölkənin nefdən əldə etdiyi vəsaitlərin çox böyük bir qisminin idxala xərclənməsi tendensiyasıdır”.
İlham Şaban qeyd etdi ki, dünya bazarında neftin bahalaşması perspektivi olmadığından bütün iri neft şirkətləri ixtisara başlayıb. Belə bir məqamda Azərbaycan hökumətinin neftin bahalaşmasına ümid etməsi absurddur: “Metyu Brayza da bu haqda proqnoz verib ki, 2 il ərzində neftin ucuzlaşması gözlənilmir. Ancaq bu şəxs neft sahəsi ilə bağlı adam deyil. Mən BP Global şirkətinin rəhbərliyinin açıqlamasını qeyd etmək istərdim. 2 gün öncə BP şirkəti elan etdi ki, 2017-cu ilin sonuna qədər 6 milyarddan artıq investisiya xərclərini azaldır. Ona görə ki, 2018-ci ilə qədər neftin qiymətinin artması müşahidə edilməyəcək. Bununla bağlı şirkət xərcləri maksimum azaltmağı düşünür. Bütün beynəlxalq şirkətlər bu istiqamətdə addımlar atıblar.
Əgər 2016-cı ildə neftin bahalaşması gözlənilirdisə, o zaman niyə BP, o cümlədən, digər neft şirkətləri bunu bilə-bilə öz yüksək ixtisaslı işçilərini ixtisar edirdilər? Bu, gözlə görünən bir məsələdir ki, neft 2016-2017-ci illərdə kəskin bahalaşmayacaq, maksimum qiymət artımı 10-20 dollar olacaq. Bu, bizim yaramızı sağaldacaqmı? Biz neftimizi dünya bazarına 2014-ci ildə 101 dollara, 2013-cü ildə 109 dollara, 2012-ci ildə 113 dollara çıxartmışıq. O zaman hasilatın həcmi də indikindən çox idi. Bir ildə nefin həcmi təqribən 300-500 min ton arasında azalırsa, neftin bahalaşacağına, hər şeyin düzələcəyinə necə ümid etmək olar? Mənə çox qəribə gəlir ki, bu reallığı hökumətdə qəbul etmək istəmirlər”.
Ekspert bildirdi ki, Azərbaycan iqtisadiyyatının zəif nöqtəsi onun idxaldan asılı olması ilə bağlıdır və bu asılılıq minimuma enmədikcə, problem həll olunmayacaq: “Digər bir məsələ də odur ki, Azərbaycan iqtisadiyyatında neftin rolu ilə qeyri-neft sektorunun rolunu bərabərləşdirməyə çalışırlar. Əgər bu, bərabərdirsə, onda qeyri-neft sektoru hesabına niyə büdcəni doldurmurlar? Axı, qeyri-neft sektorunun gətirdiyi gəlir, neft gəlirlərinin yanında bir zərrədir. İstehsal olmayan ölkədə vəziyyət belə olmalıdır. Son 11 ayda Azərbaycanda idxal yenə 1 faiz artıb. Böhrana düşən bütün ölkələr idxalı azaldır. Bəs, Azərbaycan niyə idxalı azaltmır? Çünki, burada maraqlı olan qüvvələr var. Neftin qiyməti 2014-cü ilin iyulundan düşməyə başladı. Azərbaycan hökuməti o vaxtdan idxalı azaltmaq, istehsalı artırmaqla bağlı niyə proqram qəbul etməyib? Ölkə idxaldan asılıdır. Nə qədər ki, Azərbaycan daxili istehsala başlamayıb, iqtisadiyyatda heç bir irəliləyiş olmayacaq”.
Nərgiz LİFTİYEVA,
Musavat.com
Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart