SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Rusiyanın “Qazprombank” ASC-dən “SOCAR-Polymer” MMC-nin yüksək sıxlığa malik olan polipropilen və polietilen zavodarının tikintisinin maliyyələşdirilməsi üçün $489 mln. manat məbləğində kredit cəlb edib. Bu barədə bankın məlumatında deyilir.
İyunun 19-da “Qazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov və SOCAR-ın prezidenti Rövnəq Abdullayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində maliyyələşdirməyə dair saziş imzalayıblar.
Kredit vəsaitləri 10 il müddətinə ayrılır.
Məlumatda A.Akimova istinadən qeyd edilir ki, “Qazprombank” SOCAR ilə uzunmüddətli strateji tərəfdaşlıq etmək niyyətindədir və “SOCAR-Polymer”in layihəsinin maliyyələşdirilməsini əməkdaşlığın növbəti mərhələsi kimi qiymətləndirir.
“Ümid edirik ki, əqdin bağlanması banka SOCAR tərəfindən reallaşdırılan digər iri investisiya layihələrinin maliyyələşdirilməsində iştirak etməyə imkan verəcək. Həmçinin “Qazprombank” Qrupuna daxil olan “Birləşmiş maşınqayırma zavodları” holdinqini əməkdaşlığa cəlb etmək planlaşdırılır”, – deyə A.Akimov bəyan edib.