logo

İlham Şaban: “Türk axını” barədə verilən bəyanatlar hələ siyasi xarakter daşıyır”

Views: 38

Avropanın qaz bazarı uğrunda Rusiya ilə Qərb arasında mübarizə son vaxtlar bir qədər də qızışıb. Qərb, xüsusən də ABŞ Azərbaycanın da iştirakçısı olduğu Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) üstünlük verir.

shabanBu layihə “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP vasitəsilə ilkin mərhələdə ildə 10 milyard kubmetr qaz nəql ediləcək. Azərbaycan qazı da məhz bu kəmər vasitəsilə 2021-ci ildə Avropaya çatdırılacaq.

Avropanın qaz bazarı uğrunda mübarizə aparan Rusiya isə bir müddət bundan öncəyə qədər “Cənub axını” layihəsini reallaşdırmağa çalışıb. Lakin Bolqarıstan bu layihədə iştirakdan imtina edib. Bununla da rəsmi Moskva planlarında dəyişiklik etmək məcburiyyətində qalıb. Çox keçmədən Kreml rəsmiləri “Türk axını” layihəsini elan ediblər. “Türk axını” vasitəsilə ildə 63 milyard kubmetr Rusiya qazının Türkiyə vasitəsilə Yunanıstan sərhədinə çıxarılması planlaşdırılır. Rusiyanın “Qazprom” şirkəti daha sonra qazın 45,5 milyard kubmetrini Yunanıstandan keçməklə digər Avropa ölkələrinə ötürmək niyyətindədir.

Rusiya tranzit ölkə kimi Makedoniya və Serbiya ilə danışıqlar aparıb onların marağını bu layihəyə yönəltmək istəsə də, sonradan hər iki dövlət ABŞ-ın diplomatik-siyasi təzyiqləri altında öz mövqelərindən geri çəkilib. Belə vəziyyətdə rəsmi Moskva “Türk axını” və “Cənub qaz axını” üçün tranzit marşrutun ən önəmli, həssas ölkəsi olan Yunanıstanı şirnikləndirici, stimullaşdırıcı vədlərlə öz tərəfinə çəkmək istəyir. Bunun üçün “Qazprom” şirkəti mübahisəli “Türk axını” kəmərinin Yunanıstandan keçən hissəsinin tikinti xərclərini öz üzərinə götürməyə hazır olduğunu bəyan edib. Bu, təxminən 2 milyard avroya bərabər xərcdir. Cənub Qaz Dəhlizinin rəqibi sayılan “Türk axını” layihəsi, Qərbin bu layihəni əngəlləmək cəhdləri və sairlə bağlı “Kaspi”nin suallarını Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban cavablandırır.

– İlham bəy, Serbiya və Makedoniyanın “Türk axını”na dəstək verməkdən geri çəkilməsi Rusiyanın bu layihəsinin də “Cənub axını” kimi iflasa uğramasına səbəb ola bilərmi?

– “Türk axını” və bununla bağlı bəzi məsələlər indiki mərhələdə Türkiyədə keçiriləcək parlament seçkilərindən, Avropadakı siyasi proseslərdən, Yunanıstanın Avropa İttifaqı ilə mövcud münasibətlərindən asılıdır. Yunanıstan indiyə kimi ayırd edə bilməyib ki, Avropa İttifaqında qalacaq, yoxsa Birliyi tərk edəcək. Yaxud Avropa İttifaqına olan borclar nə cür ödəniləcək, ümumiyyətlə, ödəmək mümkün olacaqmı?

Yunanıstan hökuməti öz meqalayihələrini və əhaliyə verilən vədləri hansı vəsaitlər hesabına, nə cür reallaşdıracaq? Düşünürəm ki, bütün bu proseslər təqribən 3 aya qədər vaxt aparacaq. Bu proseslər başa çatmadan “Türk axını” layihəsi barədə həm Rusiya, həm də Avropa tərəfdən verilən bəyanatlar yalnız siyasi xarakter daşıyır. Onsuz da ortada texniki bir məsələ yoxdur. Daha dəqiq desək, kəmərin tikintisi, onun texniki-iqtisadi əsaslandırılması, bununla bağlı maliyyə məsələlərinin ortaya qoyulması halı yoxdur.

Belə bir vəziyyətdə hər iki tərəf ancaq siyasi bəyanatlar verməklə məşğul olur, aradakı “duman”ın çəkilməsini gözləyir, daha çox divident qazanmaq istəyir. Unutmaq olmaz ki, “Türk axını” böyük bir iqtisadi layihədir. Bu layihə vasitəsilə Rusiya Avropa ilə bir araya gəlmək istəyir. Amma reallıqda Kremlin bu niyyətini əngəlləyəcək xeyli siyasi-iqtisadi problemlər mövcuddur. Söhbət Ukrayna böhranından, bu ölkə üzərindən tranzit məsələlərindən, qonşuluq münasibətlərindən gedir. Göründüyü kimi, ortada həlli vacib olan bir çox problemlər var. Lakin bütün bu problemlər qabardılmadan yalnız qaz alqı-satqısı məsələsi gündəmə gətirilir. Şərqi Avropa və Balkan ölkələrinə gəlincə, onlar da gah bu, gah da digər kəmərlərin adını çəkməklə, bir növ hansından daha çox qazanmaq barədə düşünür, siyasət yürüdürlər. Onların da maraqlarını anlamaq mümkündür. Çünki hər bir dövlət, o cümlədən bu cür kiçik ölkələr istənilən layihəyə qoşularkən öz maraq və niyyətlərini güdürlər. Yunanıstan hökumətinin nə qədər vaxt, hara kimi gedə biləcəyi reallıqda əsas düşündürücü məsələdir.

Düşünürəm ki, ortadakı qaranlıq, sual dolu məqamlar aradan qalxandan sonra daha real mənzərə yaranacaq. Ancaq istənilən halda Azərbaycan qazının Avropaya çatdırılması prosesində müəyyən gecikmələr ola bilər. Bunu Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması zamanı da müşahidə etmişik. Amma bütün bunlara baxmayaraq, Azərbaycanın da iştirakçısı olduğu layihə gerçəkləşəcək. Çünki Azərbaycan qazının Avropaya çatdırılması reallıqdır.

– ABŞ-ın Serbiya və Makedoniya kimi Yunanıstana da siyasi-diplomatik təzyiq göstərməsi mümkündürmü?

– Əlbəttə, mümkündür. Bu təzyiq və təsirlər öz nəticəsini də verə bilər. Amma bunun nəticəsinin necə olacağını zaman göstərəcək. Yunanıstanda hazırda hakimiyyətdə olanlar ultra-solçulardır. Bundan başqa, “Qazprom” rəhbərliyi ilə Yunanıstanın energetika nazirinin ötən həftə Moskvada danışıqlar aparması da məlumdur. Bu vaxta kimi “Qazprom” kəmərin quru hissəsinin tikintisini üzərinə götürmək istəmirdi. Ancaq indi “Türk axını”nın Yunanıstandan keçən hissəsinin tikintisini maliyyələşdirməyə hazır olduğunu bildirir. Bu isə o deməkdir ki, Rusiya bunun üçün 2 milyard avro həcmində vəsait xərcləməyə hazırdır.

Amma məsələ, sadəcə, bu kəmərin quru hissəsini maliyyələşdirməklə bitmir axı. Bir anlıq elə hesab edək ki, Rusiya ilə Yunanıstan bu 2 milyard avronu birlikdə xərclədilər, “Qazprom” “Türk axını”nın Yunanıstandan keçən hissəsini tikib qurtardı. Bundan sonra o boru ilə gələn qazı Qərb, Avropa alacaqmı? Əsas təzyiq vasitəsi bu ola bilər.

– Son proseslərin qiymətləndirilməsini aparsaq, demək olarmı ki, Qərblə Rusiya arasında qaz savaşının tamamilə yeni mərhələsi başlayıb?

– Bu savaş çoxdan başlayıb və gedir. Ukraynada 2006 və 2009-cu illərdə iki dəfə qaz müharibələri yaşanıb. Bu proseslərdən irəli gələrək, 2014-cü ildə Ukraynada dövlət çevrilişi, ardınca ərazi bütövlüyünün pozulması, iki dövlət arasında indiyə kimi davam edən müharibə baş verib. Rusiya 2007-ci ilə qədər Ukrayna üzərindən 120 milyard kubmetr qaz nəql edib. 2019-cu ildə rəsmi Moskva bu rəqəmi sıfıra endirməyi planlaşdırır. Sadəcə, indiki vəziyyət sözügedən savaşın tamamilə yeni mərhələyə keçdiyinin göstəricisidir.

– “Türk axını”nı TAP-a ciddi rəqib saymaq olarmı?

– Əgər “Türk axını” layihəsi baş tutarsa, təbii ki, bu, TAP-a rəqibdir. Çünki genişləndirilmiş TAP da bazara alternativ mənbədən gələn kfayət qədər həcmdə qaz çıxaracaq və ola bilsin ki, bu qaz həcmlərinin böyük bir hissəsi eyni bazara çatdırılsın. Bu baxımdan yanaşdıqda rəqib saymaq olar. Lakin ümumilikdə Rusiya qazının Avropa bazarına nəql həcmləri ilə müqayisə etsək, TAP-ı “şimal qonşumuzun axınlarına” rəqib saymaq olmaz.
Rufik İsmayilov 

“KASPİ”

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart