“BP-Azerbaijan” yayda “Çıraq” yatağında profilaktik işlər planlaşdırır. Bunu şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell jurnalistlərə bildirib.
“Hazırda “Qərbi Azəri”də profilaktik işlər sona yaxınlaşır. 1-2 aydan sonra “Çıraq” yatağında profilaktik işlər planlaşdırırıq”- deyə o qeyd edib.
Qordon Birrell deyib ki, “Qərbi Azəri”dəki profilaktik işlər AÇG-də sutkalıq hasilat həcminə təsir edir.
“Amma bu, illik proqnoza təsir etmir, çünki platformanın dayandırılması və profilaktik işlər planlı xarakter daşıyır”,- deyə Birell qeyd edib.
ВР 21 may 2015-ci ildə “Qərbi Azəri” yatağında profilaktik, təftiş və layihə işləri ilə bağlı 22 günlüyə işləri dayandırıb.
Əvvəllər məlumat verildiyi kimi, bu ilin I rübündə “Çıraq” yatağında sutkada 54 min barrel, “Qərbi Azəri” yatağında 129 min barrel neft çıxarılıb.
2014-cü ildə AÇG blokundan 31,5 mln ton neft hasil edilib. Bu il proqnoz 30,3 mln tondur (SOCAR-ın məlumatı).