Azərbaycan daxili ehtiyaclarını tam ödəmək üçün kifayət qədər qaz ehtiyatı var. Bu barədə Trendə SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizammədin Quliyev ölkədə qazın çatışmazlığı və Rusiyadan mümkün idxalı barədə məlumatı şərh edərkən bildirib.
Onun sözlərinə görə, məlumat həqiqətə uyğun deyil. Quliyev daxili bazarda qaz təchizatı ilə yanaşı, Azərbaycanın əvvəllər bağlanmış müqavilələr və sazişlər çərçivəsində qaz ixracını normal davam etdirdiyini bildirib.
N.Qiliyev qeyd edib ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller arasında keçirilmiş görüşdə daxili tələbatları qarşılamaq üçün Azərbaycana qaz tədarükləri barədə söhbət getməyib.
“Görüş zamanı Rusiya tərəfi SOCAR-ın Azərbaycanın “AzMeCo” şirkətinin metanol istehsalı zavoduna qaz tədarükü ilə bağlı mövqeyi ilə maraqlanıb. Azərbaycan müəssisəsi olduğuna görə, SOCAR-ın rəhbəri bu məsələ ilə bağlı müsbət münasibətini bildirib və hətta Rusiyadan bu zavoda qaz tədarükü üçün şirkətə infrastruktur təqdim etməyə hazır olduğunu bəyan edib”,- deyə Quliyev izah edib.
“Müəssisəyə Azərbaycan qazının niyə tədarük edilməməsi” sualını cavablandıran N.Quliyev diqqətə çatdırıb ki, Azərbaycanda hasil edilən və yaxın illərdə hasil ediləcək qaz həcmləri artıq bölüşdürülüb və bir neçə il qabağa müqavilələr bağlanıb.
AzMeCo – özəl müəssisədir və onun sahibləri layihələndirmə və tikinti zamanı xammalı haradan alacaqlarını əvvəlcədən müəyyənləşdirməli idilər ki, bu da edilməyib. “Ola bilsin zavod rəhbərliyi “Qazproma” metanol istehsalı üçün zavoda xammal tədarük etməyi xahiş ediblər – deyə Quliyev bildirib.
*Caspian Barel xatırladır ki, AzMeCo 2013-cü ilin noyabrında istismara verilib. Ancaq cari il mayın əvvəllərində SOCAR zavoda qaz nəqlini dayandırıb. Bir müddət sonra zavod sahiblərindən biri – Nizami Piriyev Azərbaycan Beynəlxalq Bankının krediti üzrə aparılan işə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Zavodun inşası zamanı Beynəlxalq Bankın $300 milyon dəyərində vəsaitindən istifadə edilib. Borclar ödənildikdən sonra Piriyev azadlığa çıxsa da, qaz tədarükü məsələsi açıq qalıb. İlkin məlumatlara görə, hazırda AzMeCo zavodunun qaza olan təlabatı ildə 200 milyon kub metr təşkil edir, ancaq təlabat istehsal gücünün artması ilə, 600-700 milyon kub metrə qədər arta bilər.
Bu məsələdə ən maraqlı sual “Qazrom” şirkətinin Azərbaycan müəssəsinə qaz tədarük etməsi yox,qazın hansı qiymət satmasıdır? İdxal olunan qiymətlə AzMeCo üçün metanol ixracı nə qədər rentabelli olacaq?