“Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının istismarı müddətində (1997-ci ilin noyabrından 2015-ci ilin 1 iyununa qədər) ümumi neft hasilatı 368 milyon ton təşkil edib. Bu barədə SOCAR-ın geologiya və geofizika üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
“Bu dövr ərzində (1997-ci ilin noyabrından) həmçinin 109 milyard səmt qazı hasil edilib (bunun böyük bir hissəsi quyulara vurulub – Caspian Barrel)”,- deyə Yusifzadə bildirib.
Onun sözlərinə görə, blokdan orta günlük neft hasilatı 90 min ton neft və 34 milyon kub metr səmt qazı təşkil edir.
O, həmçinin qeyd edib ki, AÇG istismarı müddətində Azərbaycan 200 milyon ton mənfəət nefti əldə edib.
SOCAR-ın hesablamarına görə, AÇG-də 1 mlrd tona yaxın çıxarıla biləcək neft ehtiyatı var.
AÇG-nin işlənməsi üzrə müqavilə 20 sentyabr 1994-cü il imzalanıb və həmin ilin dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları bunlardır: BP (35,78% – operator), ABŞ-ın Chevron (11,27%), ExxonMobil (8,0006%), Hindistanın ONGC Videsh Limited (2,72%), Yaponiyanın Inpex (10,96%), Itochu (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin Statoil (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləri.