2015-ci ilin I rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 7 mln. 222,202 min ton Azərbaycan nefti nəql edilib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 3,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti) məlumat verilib.
“Ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il) 2015-ci ilin aprel ayının 1-nə qədər 271 mln. 62,048 min ton neft, o cümlədən mart ayında 2 mln. 521,925 min ton neft nəql olunub”, – deyə məlumatda bildirilir.
Bundan başqa, mart ayında BTC neft kəməri ilə 300,333 min ton Türkmənistan və 347,5 min ton Qazaxıstan nefti nəql olunub.
Dəqiqləşdirilmiş məlumatlara əsasən, cari ilin I rübündə Ceyhan neft terminalından 6 mln. 862,055 min ton, o cümlədən martda 2 mln. 37,735 min ton Azərbaycan nefti nəql olunub. Bütövlükdə BTC-nin istismara verildiyi vaxtdan 268 mln. 801,145 min ton Azərbaycan nefti yola salınıb.
Xəbər verildiyi kimi, 2014-cü ildə BTC kəməri ilə 28 mln. 508,192 min ton Azərbaycan nefti nəql olunub.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 60 mln. tondur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); Chevron (8,9%); Statoil (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ConocoPhillips (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%) şirkətləridir.