2014-cü il ərzində SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) gəlirləri 40 mlrd. manat təşkil edib. Bu barədə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov çərşənbə günü Caspian European Club-un Bakıda təşkil etdiyi biznes forumda məlumat verib.
“2014-cü ildə SOCAR-ın illik gəliri 40 mlrd. manat, illik mənfəəti 1,1 mlrd. manat təşkil edib”, – deyə T.Qasımov bildirib.
Onun sözlərinə görə, 1 yanvar 2015-ci il tarixinə SOCAR-ın aktivləri 24 mlrd. manatı ötüb.
Qeyd edək ki, 2013-cü ilin nəticələrinə görə, SOCAR-ın gəlirləri 2,2 dəfə artaraq 38 mlrd 433 mln manat təşkil etmişdi. Bu zaman şirkətin gəlirlərində 30 mlrd 687 mln manat paya (ümumi payda xüsusi çəkisi – 79,8%) İsveçrədən gələn gəlirlər (“SOCAR-Trading” şirkətinin fəaliyyəti) təsir etmişdi. Həmin il SOCAR-ın mənfəəti 977 mln manat olmuşdu.
Bu baxımdan 2014-cü ildə SOCAR gəlirlərini 4,2%, mənfəətini isə – 12,5% artırıb.