Rusiya Prezidenti Vladimir Putin ilk dəfə təsdiq edib ki, Moskva Azərbaycandan qaz tədarükləri ilə bilavasitə rəqabət aparmaq və daha əvvəl Azərbaycan qazının Avropaya tədarükü üçün planlaşdırılan və Moskvanın fəal tənqid etdiyi “Nabucco” qaz kəməri layihəsini dirçəltmək niyyətindədir.
Cümə axşamı Vladimir Putin ənənəvi mətbuat konfransında bəyan edib ki, Türkiyə və Yunanıstan sərhədində qaz qovşağının yaradılması Avropadan asılıdır və Moskva bunun köməyi ilə öz qazını Yunanıstan, Makedoniya, Serbiya və Baumqartenə (Avstriya) tədarük edə bilərdi.
Hazırda Yunanıstan və Cənubi Avropa ölkələri Azərbaycan qazı üçün prioritet bazarlar qismində nəzərdən keçirilir və məhz onlara “Şahdəniz” yatağından qaz tədarük edilməsi planlaşdırılır. Bunun üçün Yunanıstan və Albaniya vasitəsilə İtaliyaya keçəcək Trans-Adriatik qaz kəməri (TAP) seçilib. TAP-ın qolu isə Yuqoslaviya dağıldıqdan sonra yaranmış ölkələrə – Serbiya, Monteneqro, Xorvatiya və Makedoniyaya qaz tədarük etməyə imkan yaradacaq.
Bu ölkələrin qaz bazarları o qədər kiçikdir ki, onların iki tədarükçü üçün sadəcə olaraq yeri yoxdur. Əgər Rusiya öz qazı ilə bu bazara çıxarsa, vəziyyət, yumşaq desək, mürəkkəb olacaq.- deyə Trend xəbər verir.