2014-cü ilin yanvar-may aylarında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Azərbaycan qazının ixracı 2,7 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 50% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ümumilikdə yanvar-may aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 9,5 mlrd. kubmetr qaz nəql olunub ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 11,7% çoxdur”, – deyə komitədən qeyd ediblər.
Xəbər verildiyi kimi, 2013-cü ildə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 4,7 mlrd. kubmetr Azərbaycan qazı ixrac edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), SOCAR (16,7%), “Statoil” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz “Mərhələ-1” çərçivəsində hasil edilir. “Mərhələ-1” çərçivəsində hasilatın ən yüksək səviyyəsi ildə 9 mlrd. kubmetr təşkil edir, lakin bu həcmin 10,4 mlrd. kubmetrə qədər artırılması planlaşdırılır. “Mərhələ-1”in dəyəri $4,1 mlrd. təşkil edir.
“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib