SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi dəniz obyektlərinin elektrik təchizatı sisteminin yenidən qurulmasına başlayır. Bu barədə şirkətin məlumatında deyilir.
“Neft və qaz hasilatının dayanıqlı və itkisiz həyata keçirilməsi məqsədi ilə estakada və dəniz obyektlərinin elektrik təchizatı sisteminin yenidən qurulması işlərinə başlanılıb. Bu məqsədlə 54300 metr uzunluğunda HXJLMKPY-IV markalı 6 kV-luq sualtı kabel xəttinin çəkilməsi nəzərdə tutulub. İşlər 2015-ci ilin dekabr ayında başa çatacaq”, – deyə məlumatda qeyd olunur.
Elektrik quraşdırma işləri “Neftqaztikinti” Trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir.
N.Nərimanov adına NQÇİ “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası”, “8 Mart”, “Ələt-dəniz” və “Bulla-dəniz” yataqlarını işləyir.