Bakı Ali Neft Məktəbində “Yataqların işlənməsinin, quruda və dənizdə karbohidrogenlərin hasilatının müasir texnologiyaları” mövzusunda beynəlxalq seminar öz işinə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirmişdir ki, Dövlət Neft Şirkətinin dəstəyi ilə Böyük Britaniyanın “Confidence Capital” şirkəti tərəfindən təşkil olunmuş seminarın məqsədin Azərbaycanın neft-qaz yataqlarının işlənilməsi və hasilat sahəsində əldə edilmiş təcrübənin xarici ölkələrin neft-qaz sektorunda çalışan mütəxəssislər arasında yayılmasıdır.
Sabah da davam edəcək seminar zamanı dünyanın bir sıra ölkələrindən gəlmiş iştirakçılara Bakı Ali Neft Məktəbi, Schlumberger, Halliburton, Statoil və TIORCO şirkətlərinin mütəxəssisləri tərəfindən seminarın mövzusu ilə bağlı məruzələr təqdim olunacaq və iştirakçıların dəniz neft mədənlərinə səfərləri təşkil ediləcəkdir.
Tədbirin açılışında çıxış edən SOCAR-ın Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanın zəngin neft-qaz hasilatı tarixindən danışmış, tədbirin Bakı Ali Neft Məktəbində təşkil edilməsinin təqdirəlayiq olduğunu bildirmişdir. Dövlət Neft Şirkətinin bu cür tədbirlərə həmişə dəstək verdiyini söyləyən Xoşbəxt Yusifzadə seminarın ölkələr və mütəxəssislər arasında təcrübə mübadiləsində əhəmiyyətli rol oynadığını vurğulamışdır.
Qeyd edək ki, 17-19 iyun tarixlərində keçiriləcək seminarda neft-qaz yataqlarının parametrlərinin ümumi xarakteristikaları, yataqların işlənməsinin tənzimlənməsi, neftvermənin artırılması üsulları, hasilat texnologiyaları və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılcaqdır. İyunun 20-də seminar iştirakçıları üçün “Neft Daşları” NQÇİ-nin mədənlərinə səfərlər təşkil olunacaqdır.