Aprelin 14-də Rumıniyanın İqtisadiyyat Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev, SOCAR prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidenti Elşad Nəsirov və digər rəsmi şəxslərdən ibarət nümayəndə heyəti bu ölkədə səfərdə olmuşdur.Nümayəndə heyəti Buxarestdə yerləşən Tei Parkı – Heydər Əliyev xiyabanında Azərbaycan xalqının ümummilli liderinin abidəsini ziyarət etmiş, onun xatirəsini ehtiramla yad etmişdir.
Sonra nümayəndə heyətinin Rumıniyanın yeni təyin olunmuş iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşü keçirilmişdir. Görüşdə Nazirliyin dövlət katibləri, müşavirləri, Rumıniyada neft və qaz sahəsində çalışan şirkətlərin prezidentləri, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin, SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbər və işçi heyəti iştirak etmişlər. Konstantin Nitsa Rumıniya ilə Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərdən söz açmış, ölkələrimizin uğurlarını qeyd etmişdir. SOCAR-ın Rumıniyadakı səmərəli fəaliyyətini xüsusi vurğulayan nazir, şirkətin yanacaqdoldurma məntəqələrinin tikintisi ilə yanaşı gələcəkdə digər sahələrə maraq göstərəcəyinə ümid etdiyini söyləmişdir. O, Rumıniya və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması istiqamətində potensialın mövcud olduğunu diqqətə çatdırmış, Rumıniya hökumətinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır.
Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və SOCAR prezidenti Rövnəq Abdullayev Rumıniya ilə Azərbaycan arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq əlaqələrinin tarixindən, iki ölkə prezidentlərinin görüşlərindən danışmış, Rumıniyanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini hər zaman dəstəklədiyini qeyd etmişlər. Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə Rumıniyanın göstərdiyi dəstək xüsusilə vurğulanmışdır. SOCAR-ın Rumıniyada fəaliyyətini genişləndirməsi üçün potensialın böyük olduğu nəzərə çatdırılmış, perspektivli istiqamətlər haqqında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan nümayəndə heyəti həmin gün Rumıniyanın Baş naziri Viktor Ponta ilə görüşmüşdür. Görüş zamanı iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilmiş, investisiya layihələri ətrafında müzakirələr aparılmış, rumın şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin Rumıniyada investisiya layihələrində iştirak etməsinin mümkünlüyü qeyd olunmuşdur. Baş nazir SOCAR-ın Rumıniyadakı fəaliyyətini yüksək qiymətləndirmişdir. Nümayəndə heyətimiz Azərbaycanın mövqeyini dəstəklədiklərinə və ölkəmizin həyata keçirdiyi layihələrə verdiyi qiymətə görə Rumıniya hökumətinə təşəkkürünü bildirmişdir. Görüşdə iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.
Görüşdən sonra nümayəndə heyəti SOCAR Rumıniya nümayəndəliyinin ofisində olmuş, qarşıda duran vəzifələr müzakirə edilmişdir. Heyət həmçinin Buxarestdə “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi ilə tanış olmuşdur.