2016-cı ilin son günlərində “Neft Daşları” NQÇİ tarixi nailiyyətə imza atmışdır. Respublikamızın müstəqillik dövründə ilk dəfə olaraq NQÇİ üzrə illik hasilat 1.000.000 (bir millyon) tona çatdırılmışdır.
Caspian Barrel-in SOCAR-ın mətbuat xidmətinə istinadən yaydığı məlumatda bildirilir ki, 1949-cu ildən kəşf edilmiş “Neft Daşları” yatağında indiyədək qazılmış 2211 quyudan 182 milyon 861 min ton neft, 14 milyard 92 milyon kubmetr qaz hasil olunmuşdur.
“Neft Daşları” NQÇİ-də hasilat 1967-ci ilə kimi artma tempi ilə davam etmiş, quyu fondu 700-ə, hasilat isə 7 milyon 600 min tona çatdırılmışdır.
1968-1990-cı illərdə hasilat aşağı düşərək 1990-cı ildə 963,3 min ton təşkil etmişdir.
NQÇİ-də hasilatın sabit saxlanılması və artırılması istiqamətində görülən tədbirlər, xüsusilə 2014-cü ildə qəbul edilmiş geniş tədbirlər proqramının icrası nəticəsində həmin il neft hasilatı 940 min tona, 2015-ci ildə 941 min tona çatdırılmışdır.
Son 3 ildə qazmadan 54 quyu alınmış, cari və əsaslı təmir işləri görülmüş, 309 geoloji, 1584 texniki tədbir həyata keçirilmişdir. Quyu fondu üzərində səmərəli iş aparılmış, yeni texnika və texnologiyalar tətbiq edilmiş, boş dayanmaların qarşısı alınmış, neftin maya dəyəri aşağı düşmüşdür.
Hasil olunan neftin əsas hissəsinin kompressor üsulu ilə çıxarıldığı nəzərə alınaraq, qazlift sisteminin etibarlılığını artırmaq məqsədi ilə xətlərdə donmaların və tutulmaların qarşısını almaq üçün 9 ədəd yüksək təzyiqli seperator, alçaqtəzyiqli qaz xətlərinin üzərinə damcıtutanlar quraşdırılmış, 20 kilometrdən artıq yüksəktəzyiqli qaz xətti təmir olunmuş və yenisi çəkilmiş, yığım-nəql sistemi təkmilləşdirilmiş, lay sularının tam həcmdə yığılaraq utilizasiya edilməsi üçün etibarlı ekoloji sistem yaradılmışdır.
Böyük miqyasda əsaslı təmir işləri aparılmış, qisa müddət ərzində 2 ədəd yeni İriləşdirilmiş Seperasiya Qurğusu və 2a saylı İriləşdirilmiş Neftyığma Məntəqəsi tikilmişdir. Bu sahədə işlər davam etdirilir. Elektrik enerjisinə artan təlabatın ödənilməsi məqsədi ilə yeni Qazturbinli Elektrik Stansiyası tikilərək istismara verilmişdir. Əfsanəvi Neft Daşlarının əmək kollektivi 2017-ci ilə yeni əmək nailiyyəti ilə qədəm qoymuşdur.