Azərbaycan neftinin satışı bir barel üçün 60 dollara yaxınlaşır
Caspian Barrel London əmtəə birjasında (İCE) aparılan hərracın nəticələrinə istinadən bildirir ki, Brent markalı neft dünənki günün göstəriciləri ilə müqayisədə 1,92 dollar bahalaşaraq Bakı vaxtı ilə saat 16.35 radələrində birbarrel üçün 58,05 dollar təşkil edib.
Qeyd edək ki, Brent markalı neftin qiymətinin 58 dollardan yuxarı qiyməti son dəfə 16 iyul 2015-ci il tarixində qeydə alınmışdı.
Neft qiymətlərinin bu gün birdən birə 2,7% artmasına səbəb isə Küveyt milli neft şirkətinin başçısı Camal Cəfərin bəyanatı səbəb olub. Belə ki, onun sözlərinə görə, OPEK-in 30 noyabr 2016-cı il konfransının qərarlarına uyğun olaraq Küveyt yeni ildən üzərinə düşən hasilatın azaldılmasına başlayıb və artıq gündəlik hasilatı 130 min barel aşağı salmağa nail olub. Belə bir açıqlama bazar iştirakçıları tərəfindən çox sevinclə qarşılanıb və birjalar pozitiv reaksiya nümayiş etdiriblər.
Qərbi Texas markalı (WTI) neftin qiyməti isə 2,2 faiz bahalaşaraq barelli 54,91 dollardan satılıb.
Azərbaycan neftinin əsas hissəsinin dünya bazarına Ceyhan limanından (Türkiyə) çıxarıldığı marka BTC FOB Ceyhan isə adətən Brent markalı neftə nisbətdə 1,5-1,6 dollar baha satılır. Bu baxımdan bu gün Azərbaycan neftinin 59,5-dən baha satıldığını söyləmək olar.