Azərbaycan qeyri-OPEK ölkəsi kimi ilk dəfə yeni öhdəliyə imza atır

Azərbaycan neft hasilatını gündəlik olaraq 35 min barel azaltmağa razılaşıb…

natiq-aliyevAzərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Vyanada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv və  kartelə daxil olmayan ölkələrin görüşünün yekunları ilə bağlı Energetika Nazirliyinin Mətbuat xidmətinə açıqlama verib.

Natiq Əliyev iclasın müsbət keçdiyini, OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq haqqında Bəyannaməni razılaşdırdıqlarını bildirib.  Onun sözlərinə görə, görüşdə OPEC ölkələri  gündəlik neft hasilatını 32,5 mln. barrel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyərək,  bu həcmdən artıq neft istehsal etməyəcəklərini bəyan ediblər.

Görüşdə  OPEC-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə razılıq əldə olunub.

Caspian Barrel Nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, Azərbaycan 2017-ci ildən neft hasilatını günlük olaraq 35 min barrel azaltmağa razılıq verib. Rusiya isə hasilatı gündəlik 300 min barrel azaltmağa razılaşıb.

Natiq Əliyev bildirib ki, qəbul edilən qərarın icrasına nəzarət məqsədilə Rusiya və Küveytin rəhbərliyi ilə Monitorinq Komitəsinin yaradılması məqsədəuyğun hesab edilib.  OPEC və təşkilata daxil olmayan ölkələr razılığa gəliblər ki, neft bazarında qiymətlərin sabitliyinin uzunmüddətli olması üçün mütəmadi görüşlər keçirilsin. Eyni zamanda tədbirdə iştirak etməyən digər qeyri-OPEC ölkələri də bu sazişə qoşulmağa dəvət edilib.