Dekabrın 1-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Samsung Engineering Co., Ltd. şirkətinin prezidenti və baş icraçı direktoru Çonq Heum Parkın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə SOCAR-ın Karbamid zavodu layihəsinin gedişatı ilə bağlı müzakirələr aparılmış, tərəfləri maraqlandıran məsələlər, o cümlədən layihənin maliyyələşdirilməsi məsələlərinə toxunulmuşdur.
R.Abdullayev bildirmişdir ki, SOCAR-ın Karbamid zavodunun tikintisi layihəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən həyata keçirilir. Görüşdə qeyd olunmuşdur ki, zavodun layihələndirmə işləri 100%, tikinti işləri təxminən 58% olmaqla, ümumilikdə 88%-i tamamlanmışdır. SOCAR-ın prezidenti R.Abdullayev layihənin uzunmüddətli maliyyələşdirilməsi məqsədilə, Koreyanın İxrac-İdxal Bankı və bir sıra beynəlxalq kommersiya bankları ilə 500 milyon avro məbləğində vəsaitin cəlb edilməsi istiqamətində danışıqların uğurla davam etdiyi və yaxın müddətdə yekunlaşdırılacağı barədə məlumat vermişdir.
Ç.H.Park Karbamid zavodunun tikintisinin qrafikə uyğun olaraq 2017-ci ilin sonunda başa çatdırılacağını və nəzərdə tutulduğu kimi 2018-ci ilin əvvəllərində zavodun istismara veriləcəyinə əmin olduğunu bildirmişdir.
Sonda R.Abdullayev Samsung Engineering şirkəti ilə əməkdaşlıqdan razı qaldığını və məmnunluq duyduğunu ifadə etmişdir. Ç.H.Park da öz növbəsində görüş üçün SOCAR-ın prezidentinə minnətdarlığını bildirmiş, gələcək layihələrdə şirkətlər arasında əməkdaşlığın davam etməsinə hazır olduqlarını bəyan etmişdir.