İnşaat sahəsində böyük beynəlxalq nüfuza malik “Engineering News Record” jurnalı (ENR) 2016-cı il üçün “Ən yaxşı qlobal layihələr” müsabiqəsinin qaliblərini elan edib.
Müsabiqəyə “Thornton Tomasetti” şirkəti tərəfindən təqdim edilmiş SOCAR Tower “Ofis binası” nominasiyasında qalib gəlib.
ENR jurnalının təşkil etdiyi müsabiqənin əsas məqsədi dizayn və tikinti sahəsində həyata keçirilən ən görkəmli layihələri müəyyənləşdirmək və onların arxasında duran komandaları mükafatlandırmaqdır. Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti 15 ölkədən 23 layihə seçmiş, onları təhlükəsizlik, innovasiya, dizayn və inşaat üstünlükləri parametrləri üzrə təhlil etmiş, müxtəlif yönümlü qlobal layihə komandalarının əməkdaşlığına xüsusi diqqət yetirmişdir. Müsabiqəyə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil, səhiyyə, hərbi, sənaye əhəmiyyətli tikililər, idman və su qurğuları və digər obyektlər təqdim olunmuşdur. Münsiflər heyəti tərəfindən layihələri həyata keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə gəlməsi, tikililərin yerli ictimaiyyət və ya tikinti sənayesi üçün əhəmiyyəti də nəzərə alınmışdır.
Müsabiqənin qalibləri haqqında ətraflı məlumat ENR jurnalının 19 sentyabr buraxılışında dərc ediləcək. Qaliblərə mükafatlar oktyabrın 11-də Nyu-Yorkda New York Hilton Midtown otelində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaqdır.
SOCAR-ın yeni inzabati binası – SOCAR Tower Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında tikilmişdir. Tikinti işləri 2010-cu ildə başlanılmış, təxminən beş il ərzində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlmişdir. SOCAR Tower beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.
Caspian Barrel xatırladır ki, “SOCAR Tower”-in layihəsi Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən hazırlanıb. 2009-cu ildə Türkiyənin “Tekfen İnşaat” şirkəti SOCAR-ın inzibati binasının tikintisi üzrə elan edilmiş açıq tenderin qalibi olmuş və onunla $235,4 milyon dəyərində “açar müqaviləsi” imzalanıb. Ancaq sonradan tikinti zamanı layihənin genişləndirilməsi ilə əlaqədar podraqtçı əlavə xərclərin $100 mln-a qədər olduğunu öz saytında bildirmişdi.
“SOCAR Tower”-in təməlqoyma mərasimi 2010-cu ilin oktyabrında, binanın istifadəyə verilməsi isə 2016-cı ilin mayında keçirilib.
Bina 42 mərtəbədən ibarətdir ki, bunun da 2 mərtəbəsi yeraltıdır. Bundan əlavə bina ətrafında 5 hektar ərazi abadlaşdırılıb.