ABŞ və Azərbaycan arasında oxşar maraqlardan danışılarkən məsələ siyasi baxışlardan kənara çıxmır.
İki ölkə arasındakı maraqlar əsasən bunlardan ibarətdir:
Sülhməramlı əməliyyatlar – Əfqanıstanda Azərbaycandan olan 100 nəfər sülhməramlı hərbçisi NATO qüvvələri ilə asayişin qorunmasında iştirak edir
Terrorizmlə mübarizə – Azərbaycan terrora qarşı məsələlərdə öz töhfəsini əsirgəmir
Dağlıq Qarabağ probleminin həlli – ABŞ münaqişənin həlli üçün yaradılmış Minsk qrupu həmsədrlərindən biridir.
Ancaq nə “Cənub Qaz Dəhlizi” layihəsinə daxil olan boru kəmərlərində – Cənub Qafqaz boru kəməri, TANAP və TAP – , nə də bu boru kəməri ilə axıdılacaq qazın hasil edildiyi “Şahdəniz” layihəsində ABŞ şirkətləri təmsil olunmayıblar.
ABŞ və Azərbaycanı hansı iqtisadi əlaqələr bağlaya bilər?
Bu barədə Bakıdan BBC Azərbaycanca üçün Seymur Kazımov “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla söhbətləşib:
– İlham Əliyev Vaşinqtona bu ayın əvvəlində etdiyi səfərində “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi yönümündə atdığı addımlara görə ABŞ hökumətinə nə üçün öz minnətdarlığını bildirdi?
– Doğru buyurursunuz, Azərbaycan prezidenti yüksək kürsüdən bu ifadəni tam çılpaqlığı ifadə etdi. Özü də İlham Əliyev bunu ifadə edərkən bəzi məqamları aydınlıq gətirdi: “Səmimi desəm, bu dəstək olmasaydı, həmin layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi.”
İndi sizə sual edirəm “Cənub Qaz Dəhlizi” və “Şahdəniz-2” layihələri nə zaman təsdiqlənib?
– 2013-cü ildə.
– Görürsünüzmü, əgər ABŞ-ın dəstəyi olmasaydı, ola bilsin ki, onların startı daha çox yubanacaqdı və Azərbaycan qazının Türkiyəyə 2018-ci ildə, Avropaya isə 2020-ci ildə çatdırılması mümkün olmayacaqdı. Nədən qaynaqlanır iki ölkə arasında enerji məsələlərində sıx əməkdaşlıq?
Əvvəla, artıq bunun bir tarixi ənənəsi yaranıb. ABŞ şirkətləri Azərbaycana bu ölkə müstəqilliyini heç bərpa etməmiş gəlmişlər. Amerika şirkətləri Azərbaycanın həm ilk neft müqavilələrinin, həm də neft xidmət sektorunda ən aktiv oyunçularıdan olublar.
Məhz bunun nəticəsidir ki, Azərbaycan prezidentinin də qeyd etdiyi kimi onların ölkə iqtisadiyyatına yatırımları 10 milyard dollardan çox olub.
İkincisi, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması bütün etaplarında məhz ABŞ-ın siyasi dəstəyinin nəticəsində olub.
Çünki 90-cı illərin sonlarında həm neftin dünya bazarlarında kəskin ucuzlaşdığı bir zaman – Brent markalı neft 98-99-cu illərdə 11-14 dollar arasında satılırdı – , həm də Qafqaz bölgəsində – Şimal hissəsində Rusiya həm Dağıstanda, həm də Çeçenistanda faktiki müharibə aparırdı – münaqişələrin alovlandığı bir zamanda iki dəniz arasında regional əhəmiyyətli boru kəməri çəkilməsi üçün qərar verilməsində siyasi dəstəyin böyük rolu vardı.
ABŞ sonralar həmçinin Azərbaycanın infrastruktur layihələrinə maliyyə ayrılmasında da önəmli rol oynayıb.
Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokşteyn “Cənub Qaz dəhlizi” ilə bağlı Azərbaycanın təşkil etdiyi bütün mötəbər tədbirlərə qatılıb və daim rəsmi Vaşinqtonun bu layihələrə önəm verdiyini bəyan edib.
Enerji layihələri ölkələrin təkcə enerji təhlükəsizliyi demək deyil, həm də milli təhlukəsizlik konsepsiyalarının tərkib hissələridir. Bu baxımdan qlobal enerji layihələrinin reallaşması ilk növbədə iri dövlətlərin onlara olan mövqeyindən asılı olur.
Ona görə də ABŞ-ın Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələrinə olan müsbət münasibəti təsirsiz ötüşməyib.
Məhz bu baxımdan hesab edirəm ki, Azərbaycan prezidenti Con Kerriyə xüsusi vurğulayaraq həmin məsələni xatırlatdı ki, əgər Ağ Evin lazımi dəstəyi olmasaydı, “onda biz bu layihənin gerçəkləşməsi üçün daha çox vaxt və səylərimizi sərf edəcəkdik.”
– Onda belə çıxır ki, son iki ildən artıq bir dövrdə Qərblə, xüsusilə də ABŞ-la olan qarşıdurma, əslində şişirdilmiş şəkildə cəmiyyətə təqdim edilmiş formada imiş?!
– KİV-lərin yazdıqları və göstərdikləri şəkildə bir qarşıdurma mövcud olsaydı, onun buzunun əriməsi üçün yəqin ki, bir “beşillik” bəs etməzdi.
Ancaq görünür ki, həm iri layihələr naminə, həm də təlatümlü dövrlərdə dövlətin gələcək maraqlarını qorumaq naminə bəzən belə siyasi gedişlər də lazım imiş.
Təsəvvür edin ki, 1 dekabr 2014-cü ildə Ankarada Vladimir Putin o zamankı strateji partnyoru olan Recep Tayyip Erdoğanla birgə “Türk axını” layihəsini elan edir.
Sonuncu cəmi bir il öncə TANAP-ın xeyir-duasını vermişdi və birdən birə Türkiyənin “qaz mərkəzinə” çevrilərək və özünü onun paylayıcısı rolunda təsəvvür etmək fikrinə düşürdü.
Və Rusiya 2016-cı ildə öz qazının artıq Avropa sərhədlərində görmək ümidilə yaşayır və Azərbaycanın qaz planlarına yuxarıdan aşağı baxırdı.
Putin istehza ilə TV çıxışında bəyan edirdi ki, baxaq görək Azərbaycan qazı Avropaya nə zaman gedib çıxacaq – 2021-ci ildə, ya 2023-cü ildə.
– Elə isə necə hesab edirsiniz, Azərbaycanın ABŞ ilə xoş münasibətlər yaratması fonunda “Cənub Qaz Dəhlizi”nə Rusiya bir əngəlik törədə bilərmi?
– Onu qeyd etmək istərdim ki, rəsmi Bakı təyyarədəki kimi birdən birə 90 və ya 180 dərəcə kursu dəyişmir ki, həm dispetçerlər, həm də sərnişinlər üçün narahatlıqlar yaratsın.
Belə bir siyasət yürütməyi ona heç tövsiyyə də etmirlər. Çünki Con Kerrinin dili ilə desək, “Azərbaycan indi mürəkkəb bir regionda yerləşir” və ABŞ İlham Əliyevin “Cənub Qaz Dəhlizi” layihəsinə rəhbərliyindən razıdır.
Azərbaycanda iqtisadiyyat neft və qaz üzərində qurulub. Qeyri-neft sektorunun bu sahə ilə rəqabətinə hələ xeyli var. Azərbaycanın xarici iqtisadi əlaqələri isə faktiki neft-qaz sektorundan asılıdır. Ona görə də ABŞ-ın İlham Əliyevin əhəmiyyətli bir layihədə roluna toxunması faktiki olaraq, dolayısı ilə ona olan yüksək dəstəyin nümayişidir.
Bunu bir qədər ətraflı ona görə qeyd etdim ki, Kreml təbii ki, məsələni diqqətdə saxlayır, yaxın və orta perspektivlər üçün proqnozlar qurmağa çalışır.
Kremlə Azərbaycanla 10-15 milyard kubmetr qaz uğrunda Avropa bazarında konfrantasiya etmək tamamilə ağılsızlıq olardı. Rusiyaya onunla əməkdaşlıq edən və Kremlə düşmən olmayan Azərbaycan gərəkdir.
Ona görə də Rusiya Bakı-Tbilisi-Ceyhan tikilərkən necə seyrçi mövqedə qalmışdısa, indi də ondan uzağa çətin gedə bilsin. Çünki artıq qarşısında çox böyük güclər var.