İran prezidenti deyib ki, neft qiymətinin aşağı düşməsinə məsul ölkələr öz qərarlarına görə təəssüflənəcəklər, lakin onun nəticələrinin altını ilk öncə Səudiyyə Ərəbistanı və Küveyt çəkəcək.
“İran neft qiymətlərinin aşağı düşməsi nəticəsində əziyyət çəkəcəksə, Səudiyyə Ərəbistanı və Küveyt kimi ixracatçı ölkələr daha böyük itkilər verəcəklər”, – Büşəhr şəhərində nitqlə çıxış edən Həsən Ruhani deyib.
Ötən ilin sonunda İran prezidenti neft qiymətlərinin kəskin şəkildə düşməsini “siyasi qəsd” adlandıraraq neft bazarlarında baş verənləri Yaxın Şərq və bütövlükdə İslam dünyası əleyhinə yönələn addım kimi dəyərləndirib.
BBC müxbiri xəbər verir ki, dünya bazarlarında neftin ucuzlaşması nəticəsində enerjidaşıyıcıları ixracından asılı olan İran iqtisadiyyatına ziyan dəyib.
Hərarət
Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl əl-Məzrui süxur nefti istehsalçılarını “bazarı aşırı hərarətə” gətirməkdə suçlayıb.
Energetika nazirinin sözlərinə görə OPEK təşkilatı neft qiymətlərini artıq qoruya bilmir.
“Biz artıq müəyyən qiyməti qoruya bilmirik”, – Süheyl əl-Məzrui Abu Dabidə neft sənayesi ilə bağlı forumda bildirib.
Eyni zamanda süxur neft və qaz hasilatının böyük əhəmiyyətə malik olduğunu bildirən Süheyl əl-Məzrui deyib ki, bu məhsuldan imtina etmək lazım deyil.
Neft qiymətləri ötən ilin yay aylarından azalmağa başlayıb. Çərşənbə günü Brent markalı neftin bir barrelinə qiymət 46 dollardan aşağı düşüb.
Son illər süxür yataqlarında istifadə olunan yeni texnologiyalar vasitəsilə neft hasilatı əhəmiyyətli dərəcədə artıb.
Bununla yanaşı Çin də daxil olmaqla bir sıra Avropa və Asiya ölkələrində tələbat kəskin şəkildə aşağı düşüb.
Beləliklə 2014-cü ilin ortaları ilə müqayisədə neft iki dəfə ucuzlaşıb.