“SOCAR Energy Ukraine” MMC (Azərbaycan Dövlət Neft Şirkəti, SOCAR-ın törəmə müəssisəsi) Ukraynada yeni yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Çerkassk vilayətində SOCAR brendi ilə premium-klass tipli yanacaqdoldurma məntəqəsi açılıb. Bu, Ukraynanın həmin vilayətində açılan sayca altıncı YDM-dir”, – deyə məlumatda qeyd edilir.
Burada alıcılara Polşa, Litva və Belarusun qabaqcıl emal zavodlarında istehsal olunmuş Avro-5 standartına cavab verən neft məhsulları – A-92, A-95, A-95 TM “Nano” benzinləri və TM “Nano” dizel yanacağı təklif olunur.
Yeni yanacaqdoldurma məntəqəsi nəzərə alınmaqla hazırda Ukraynada SOCAR brendi ilə 39 YDM fəaliyyət göstərir.
“SOCAR Energy Ukraine” 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb. 2009-cu ilin əvvəlində Ukraynanın pərakəndə yanacaq bazarı ətraflı şəkildə öyrənildikdən sonra “SOCAR Energy Ukraine” bu ölkədə yanacaqdoldurma şəbəkələrinin yaradılması və inkişaf etdirilməsinə qərar verib.
SOCAR 2009-2013-cü illərdə Ukraynada biznesin inkişafına $160 mln.-dan artıq sərmayə yatırıb.