Trans-Adriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) tikintisi layihəsi üzrə konsorsium Yunanıstan və Albaniyada qaz kəmərinin uzunluğu 760 km, diametri 48 düym olan quru hissəsinin tikintisi üçün iki EPC (Engineering, Procurement and Construction,) müqaviləsi imzalayıb. Bu barədə konsorsiumun məlumatında bildirilir.
İşlərin həcmi beş bölməyə ayrılıb, onlardan üçü Yunanıstan,ikisi Albaniyada həyata keçiriləcək.
“Bonatti S.p.A Enereco S.p.a.” (İtaliya) və “J&P AVAX S.A” (Yunanıstan) şirkətlərinin yaratdığı birgə müəssisə TAP konsorsiumu ilə Yunanıstanın şimalında iki bölmə üzrə işlərin həyata keçirilməsinə dair EPC müqaviləsi imzalayıb. Birgə müəssisənin inşa edəcəyi boru kəmərinin ümumi uzunluğu 360 km təşkil edəcək və Kavaladan Albaniyanın sərhədinə qədər uzanacaq.
Fransanın “Spiecapag” şirkəti ilə imzalanan EPC müqaviləsi boru kəmərinin Yunanıstanda 185 km hissəsinin və Albaniyada 215 km hissəsinin tikintisini nəzərdə tutur.
“Spiecapag” həmçinin TAP-ın Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulacağı Yunan-Türk sərhədində boru kəmərinin kəsişmə nöqtəsini inşa edəcək.
Adı çəkilən bölmələr üzrə bölmələr üzrə tikinti-quraşdırma işlərinə 2016-cı ilin ortalarında başlanacaq.
Trans-Adriatik qaz kəməri layihəsinin səhmdarları aşağıdakı şirkətləridir : SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (16%), “Enagas” (16%) və “Axpo” (5%).