SOCAR-da idarəetmənin təkmilləşdirilməsi, xərclərin optimallaşdırılması məqsədi ilə aparılan struktur dəyişiklikləri davam etdirilir.
Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu dəyişikliklər nəticəsində ixtisara düşən işçilər mövcud Proqrama cəlb olunurlar.
“İxtisara düşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram”a əsasən onlara bir il ərzində əvvəl aldıqları orta aylıq əmək haqqının 50%-i həcmində müavinət ödənilir və həmin müddətdə tibbi sığortaları saxlanılır. Proqramın əsas vəzifələrindən biri məşğulluğun təmin olunması üçün sərbəstləşmiş işçilərin şirkətin digər struktur bölmələrində yerləşdirilməsidir. Proqrama qoşulan sərbəstləşən işçilərin ixtisas və iş təcrübələrinə uyğun vakant yerlər axtarılır, mövcud vakansiyaların tələblərinə cavab verənlər müsabiqəyə cəlb olunaraq struktur bölmələrdə yerləşdirilirlər. İxtisas və iş təcrübəsi vakansiyalara uyğun gəlməyən sərbəstləşən işçilər isə ixtisasartırma kurslarına cəlb olunurlar”, – deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Lakin SOCAR-da elə vakansiyalar da yaranır ki, aparılan struktur dəyişiklikləri nəticəsində ixtisara düşən işçilərin ixtisas və iş təcrübəsi bu vakansiyalara uyğun gəlmir. Belə hallarda ehtiyac duyulan sahələr üzrə vakant yerlərə işə qəbul prosesi müsabiqə yolu ilə davam etdirilir.
Hazırda SOCAR-ın Azərbaycan Respublikasının bəzi regionlarında yerləşən struktur bölmələrində ixtisaslı fəhlə və mütəxəssis kadrlara ehtiyac yaranmışdır.
Şirkətin www.socar.az rəsmi veb-səhifəsinin “Karyera” bölümünün “İşə qəbul” alt bölməsində mütəmadi olaraq vakansiyalar elan olunur.
Hazırda “Əl ilə qaynaqda elektrik qaynaqçısı” (Siyəzən MQKS), “Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru” (Cəlilabad rayonu), “Qazla kəsən” (Qusar, Şirvanovka), “Energetik” (Hacıqabul MQKS, Ağsu rayonu üzrə)” və s. vakansiyalar üzrə müraciətlərin elektron qəbulu aparılır.
Vətəndaşlara elektron qaydada müraciət etməzdən əvvəl https://careers.socar.az/vacancyInfo?type=1 linkində qeyd olunan məlumatla tanış olmaq tövsiyə edilir.