logo

SOCAR-da Natiq Əliyevin xatirəsi anılmışdır

Views: 678

Noyabrın 23-də SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri mərhum energetika naziri Natiq Əliyevin anadan olmasının 70-ci ildönümü ilə əlaqədar onun 2-ci Fəxri Xiyabandakı məzarını ziyarət etmişlər.

Azərbaycan neft-qaz sənayesinin təmsilçiləri Ulu öndər Heydər Əliyevin enerji strategiyasının həyata keçirilməsində xüsusi rolu olmuş, əsas icraçılardan biri Natiq Əliyevin məzarı üzərinə tər çiçəklər düzmüş, onun ruhuna dualar oxumuşlar. SOCAR Towerdə keçirilmiş toplantıda SOCAR prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, yaşasaydı bu gün mərhum energetika naziri Natiq Əliyevin 70 yaşı tamam olacaqdı. O, Natiq Əliyevi Azərbaycanın enerji strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri olduğunu qeyd etmiş, 100-dən artıq elmi məqalə və kitab müəllifi kimi beynəlxalq enerji siyasəti sahəsində nüfuzlu mütəxəssislərdən biri olduğunu diqqətə çatdırmış, onun adının tarixdə daim Dövlət Neft Şirkətinin prezidenti kimi yaşayacağını vurğulamışdır.

Təkcə Azərbaycanda deyil, eləcə də Avropada neft və qaz sənayesində tanınmış mütəxəssis, sadə insan Azərbaycanın keçmiş energetika naziri Natiq Əliyev haqqında xatirələrini bölüşən SOCAR-ın birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki Xoşbəxt Yusifzadə həyatını hələ gənc yaşlarından neft sənayesi ilə bağlamış bir insanın mənalı və şərəfli ömür yolu keçdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, əmək fəaliyyətinə 1970-ci ildə mühəndis-geoloq kimi başlamış N.Əliyev daim öz səriştəsi, sadəliyi, gözəl insani keyfiyyətləri ilə seçilirdi. Bu keyfiyyətlərin sayəsində o, həm də məharətli rəhbər kimi, karyera yolunda Azərbaycan Respublikasının energetika naziri kimi mühüm bir vəzifəyədək yüksəlmişdir. Akademik X.Yusifzadə Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında gerçəkləşdirilmiş yeni neft strategiyasına N.Əliyevin verdiyi töhfələri, eləcə də onun bilavasitə iştirakı ilə dünyanın aparıcı şirkətləri ilə Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqlarının işlənməsinə dair beynəlxalq sazişlərin imzalandığını qeyd etmişdir. X.Yusifzadə çıxışında bildirmişdir ki, Natiq Əliyev ölkəmizdən dünyaya ünvanlanan, respublikamızın təşəbbüsü ilə regionu, bütün Avropanı əhatə edən qlobal enerji layihələrinin, müstəqil Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri olmuşdur.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Valeh Ələsgərov bir zamanlar Dövlət Neft Şirkətində ciyin-ciyinə çalışdığı mərhum Natiq Əliyevin Ümummilli liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və respublika Prezidenti İlham Əliyevin qətiyyətlə gerçəkləşdirdiyi neft və qaz strategiyasının təntənəsi üçün ona etibar edilmiş sahələrdə var qüvvə ilə çalışdığını və Azərbaycanın milli maraqları kontekstindən çıxış etdiyini demişdir. Anım tədbirində həyatını neft sənayesi ilə bağlayan mərhum energetika naziri Natiq Əliyevin yaddaşlarda səmimi və bacarıqlı bir insan kimi həkk olunduğu bildirilmişdir. Toplantıda mərhum Natiq Əliyevin xatirəsinə həsr olunmuş video material nümayiş olunmuşdur.

Comments: 0

0

Your Cart