Türkiyənin “Boru Hatları ile Petrol Taşıma AŞ” (“Botaş”) şirkəti üzən mayeləşdirilmiş təbii qaz (LNG) terminalı sifariş verib.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “Botaş” Koreya Respublikasının “Hyundai” şirkətindən üzən LNG saxlama və qazlaşdırma terminalı sifariş edib. “FSRU” gəmisi kimi tanınan terminaldan gündəlik 28-30 milyon kubmetr qaz sisteminə verilə bilir. Tankerin dəyəri 250 milyon dollar təşkil edir. O, 2020-ci ildə təhvil veriləcək və Adananın Ceyhan bölgəsində lövbər salacaq.
Qeyd edək ki, “Botaş” şirkəti Azərbaycan təbii qazını Türkiyəyə daşıyan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsində 30 faiz iştirak payına sahibdir.
TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk kommersiya qazının tədarükünə iyunun 30-dan başlanılıb. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq. TANAP-ın inşası üzrə ümumi işlərin 94,8 faizi icra olunub. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək 5,5 milyard dollar xərclənib.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.