2017-ci ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 5 milyon 810 min ton xam neft emal olunub.
Zavoddan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın təsdiq olunmuş yanacaq-enerji balansına müvafiq SOCAR-ın baş ofisi tərəfindən 2017-ci ildə NEZ-də 6 milyon 9,2 min ton xam neft və “Qaradağ” QEZ-dən 24 min ton qaz benzinin, ümumilikdə 6 milyon 33,2 min ton xammalın emalı planlaşdırıldı. Faktiki olaraq, hesabat ilində zavod 5 milyon 810 min ton neft və 119,6 min ton kənardan daxil olan xammal, ümumilikdə isə 5 milyon 929,6 min ton xammal emal edib.
Keçən il “Azərenerji” ASC-ni soba mazutu məhsulu ilə təmin etmək üçün zavodda “mazut rejimi” tətbiq edilib. Bunun nəticəsində neftin faktiki emal dərinliyi 92 faiz təşkil edib. Buna baxmayaraq, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə emal dərinliyi 2 faiz artıb.