SOCAR prezidenti işə tapşırıqla işçi götrülmədiyini bəyan edib
“Bu gün bir nəfər deyə bilməz ki, kiminsə xahişi, tapşırığı ilə Dövlət Neft Şirkətinə işə götürülüb”.
“APA-Economics” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev gənc neftçilərlə görüşü zamanı bildirib.
Abdullayev bildirib ki, SOCAR-ın İnsan Resursları Departamentinin işi yüksək səviyyədə təşkil olunub. “Şəxsən öz adımdan da arxayınlıqla deyə bilərəm ki, belə neqativ hallar mövcud deyil”, – deyə SOCAR prezidenti bildirib.
Caspian Barrel bildirir ki, hazırda SOCAR caril ildə 6 min müvəqqəti iş yeri üçün müsabiqə elan edib və bu işlərə cəlb olunanlar regionlarda çalışacaqlar. İşə götürülənlər əsasən “Azəriqaz” və “Qaz İxrac Kəmərləri” İstehsalat Birliklərində işlə təmin olunacaqlar.
Ötən il SOCAR təbii qazın nəqli və paylanması sistemində 1 milyard kub metrdən çox itki ilə üzləşib (daxili bazar qiyməti ilə 100 milyon manatdan çox vəsait deməkdir). Bu itkilərin çox böyük hissəsi məhz regionların payına düşür. Buna görə də hazırda işə götürülən bu sahədə olan çatışmazlıqların aradan qaldırılmasında SOCAR-a öz töhfələrini verməlidirlər: nəqletmə zamanı vaxtında aşkarlanan sızma nə qədər texniki itkinin aradan qaldırılması deməkdir və ya evlərdə qeyri-qanuni xətlərə qoşulma SOCAR-a dəyən maddi ziyanın minimuma endirilməsinə gətrib çıxarmalı və sonrakı dövrlərdə istehlakçıların bu məsələdə davranışını dəyişməlidir.
Ona görə də SOCAR evlərdə texniki baxışların və yoxlamaların tezliyini 3 dəfəyədək artırmağı, sayğacların göstəriciləri əsasında alınan məlumatların təhlili və paylayıcı sistemlərdəki vəziyyət üzərindəki nəzarət sistemi mexanizmini daha da təkmilləşdirmək niyyətindədir. Bunun üçün isə əlavə işçi qüvvəsinə ehtiyac duyulur.
Caspian Barrel-ə SOCAR-dan bildiriblər ki, ilin sonunda 2016-cı ildə aparılmış işlərə yekun vurulduğu zaman həmin 6 min müvəqqəti işə götürülmüş işçidən 1000-ə yaxını ilə Şirkət uzunmüddətli əmək müqaviləsi imzalamaq niyyətindədir.