“BP-Azerbaijan” 2016-cı ilin I rübündə Abşeron arxipelaqının dayazsulu hissəsində seysmik tədqiqatlara başlamağı planlaşdırır. Bu barədə jurnalistlərə çərşənbə axşamı BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Qordon Birrel məlumat verib.
“ Biz SOCAR şirkəti ilə bu layihə üzrə saziş bağlamaqdan çox məmnunuq və hesab edirik ki, bu layihə çərçivəsində uzunmüddətli əməkdaşlıq etmək üçün imkanlar var. Biz artıq hazırlıq işləriunə başlamışıq. 2016-cı ilin fevral-mart aylarında müqavilə sahəsində ilkin seysmik tədqiqatlar başlayacaq”,- deyə Q.Birrel qeyd edib.
Onun sözlərinə görə, şirkət seysmik kəşfiyyat nəticəsində alınmış məlumatların interpretasiya və emalnı 2016-cı ilin sonuna qədər başa çatdırmaq niyyətindədir.
“Bu bizə gələcək addımları müəyyən etməyə imkan verəcək”,- deyə o əlavə edib.
Xəbər verildiyi kimi, 2014-cü il dekabrın 22-də Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “bp Eksploreyşn (Azərbaycan) Limited” və SOCAR-ın Ortaq Neft Şirkəti arasında sazişi təsdiq edib.
Müqavilə sahəsi təxminən 1,9 min kvadratmetr təşkil edir. Sazişdə 50% pay SOCAR şirkətinə, 50% is bp şirkətinə məxsusdur.
Saziş çərçivəsində işlər 3 mərhələyə bölünüb: ilkin kəşfiyyat, əsas kəşfiyyat və yataqların işlənməsi.
30 ay davam edəcək birinci mərhələ çərçivəsində bp 1000 kv. km sahədə 3D, 1000 km sahədə 2D seysmik kəşfiyyat işlərinin, eləcə də bütün müqavilə sahəsində görülən işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsini həyata keçirməlidir.
Əgər bp bu müddət ərzində perspektiv strukturlar aşkar edərsə, şirkət onlardan dördünü seçə və növbəti mərhələyə – əsas kəşfiyyata keçə bilər.
Müqaviləyə əsasən, ikinci mərhələnin həyata keçirilməsi 3 ilə qədər vaxt apara bilər.
Bu müddətdə bp seçilmiş strukturların mühəndis-geoloji tədqiqatını aparmalı və bu işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi barədə hesabat hazırlamalıdır. Əgər podratçı bu müddətdə kommersiya cəhətdən qiymətli ehtiyatlar aşkarlayarsa və bu barədə SOCAR-a məlumat verərsə, 6 ay ərzində bu yataqların işlənməsinə dair proqram hazırlamalı, bundan sonra üçüncü mərhələyə, birbaşa işlənmə mərhələsinə keçməlidir.
Sazişdə işlənmə mərhələsinin 23 il vaxt aparması nəzərdə tutulur, lakin bu müddət uzadıla bilər. bp işlənmə mərhələsi başladıqdan sonra 36 ay ərzində sənaye hasilatına başlamalıdır.
Bundan əlavə, sənədə əsasən, bp yerli kadrlar üçün treninqlərin keçirilməsi ilə əlaqədar $200 minə qədər məbləğdə xərci ödəməyi öhdəsinə götürür.