Trans-Anadolu qaz kəməri (Trans Anadolu Pipeline, TANAP) ilə Azərbaycan qazının tranzitindən Türkiyənin dövlət büdcəsinə vergi daxilolmaları illik $95,2 mln. təşkil edəcək. Bu barədə “SOCAR Turkiye Enerji” şirkətinin (Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəməsi – İF) rəhbəri Kənan Yavuz “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“1 min kubmetr Azərbaycan qazının TANAP vasitəsilə Türkiyə ərazisi ilə nəql qiymətinin $5,95 təşkil etdiyini nəzərə alarsaq, bu qaz kəməri ilə nəqlə görə bu ölkənin dövlət büdcəsinə illik vergi daxilolmaları $95,2 mln. təşkil edəcək”, – deyə K.Yavuz qeyd edib.
Onun sözlərinə görə, bundan başqa, Türkiyənin BOTAS dövlət şirkəti TANAP vasitəsilə nəql edilən Azərbaycan qazının topdan satışından əldə edəcəyi illik gəlir “milyonlarla ölçüləcək”.
İcraçı direktor məlumat verib ki, TANAP qaz kəmərinin ötürmə qabiliyyətinin illik 31 mırd. kubmetrə qədər artırılması ilə Türkiyə Azərbaycandan əldə etdiyi qazın həcmini illik 21 mlrd. kubmetrə qədər artıra biləcək.
“TANAP layihəsi Türkiyə üçün strateji əhəmiyyət kəsb edir. Çünki enerji təhlükəsizliyi məsələlərinin gələcəkdə əhəmiyyəti nəzərə alınmaqla, bu qaz kəməri ölkənin Rusiya və İrandan qaz tədarükündən asılılığını azaltmağa imkan verəcək”, – deyə K.Yavuz qeyd edib.
TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
SOCAR-ın qiymətləndirmələrinə əsasən, 2023-cü ildə kəmərin gücü 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Eyni zamanda, TANAP-ın genişləndirilməsindən sonra Azərbaycanda digər yataqlardan, o cümlədən başqa ölkələrdən hasil edilən qaz mənbə kimi istifadə olunacaq.
TANAP layihəsi $10 mlrd. dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) – 58%, BP – 12%, BOTAS – 30%.