SOCAR buna ümid edir, Caspian Barrel-in hesablamaları isə hasilatın kifayət qədər azalacağını göstərir
SOCAR (AzərbaycanDövlət Neft Şirkəti) 2015-ci ilin yekunları üzrə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neft hasilatının ötənilki səviyyədə qalacağına ümid edir. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birincivitse-prezidenti Xoşbəxt Yusifzadə çərşənbə günü Xəzər-Avropa Klubunun biznes forumunda bildirib.
“Biz 2015-ci ilin yekunları üzrə AÇG blokundan neft hasilatını ötənilki səviyyədə saxlamaq istəyirik. Hazırda blokda 86 istismar quyusundan sutkalıq 86 min ton neft hasil edilir”, – deyə X.Yusifzadə bildirib.
Onun sözlərinə görə, 2015-ci ilin 9 ayı ərzində “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 23,5 mln. ton neft hasil edilib, bunun 15,5 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.
X.Yusifzadə əlavə edib ki, işlənməyə başlandığı 1997-ci ilin noyabr ayından 1 oktyabr 2015-ci il tarixinə qədər blokdan 381 mln. ton neft hasil edilib. Bunun 208 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.
Caspian Barrel SOCAR rəsmisinin açıqladığı rəqəmlərə istinad edərək cari il üçün AÇG-də hasilatın ötən il səviyyəsində qalmasını araşdırıb. Bunun üçün ilk olaraq “BP-Azerbaijan” şirkətinin məlumatlarına diqqət yerirək: cari ilin ilk yarısında hasilat ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 milyon barel azalıb. Bundan əlavə, oktyabr ayında modernizasiya işləri ilə əlaqədar üç həftəliyinə “Çıraq” platformasında hasilat dayandırılacaq. Yəni ən yaxşı halda konsorsium cari ilin İİİ rübündəki hasilat tempini saxlasa belə 31,1 milyon tondan çox neft hasil etmək imkanı olmayacaq. Bu isə ötən illə müqayisədə hasilat həcmlərinin 400 min ton azalması deməkdir.
* “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Hazırda layihənin iştirakçıları BP (Böyük Britaniya – 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanin “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.