“BP-Azerbaijan” şirkətinin cari ilin II rübünün yekunları ilə bağlı açıqladığı hesabat maraqlı məqamları üzə çıxarıb. Belə ki, Caspian Barrel-in hesabatla bağlı apardığı araşdırmalar zamanı məlum olub ki, müqavilə sahəsində intensiv qazma işlərinin aparılmasına baxmayaraq hasilatda geriləmə qeydə alınıb.
Şirkətin rəsmi məlumatında bildirilir ki, 2015-ci ilin I yarısında “Azəri-Çıraq-Günəşli” blokundan neft hasilatı 87 istismar quyusundan həyata keçirilib.
Hesabat dövründə konsorsium müqavilə sahəsində 9 hasilat quyusu və 1 suvurma quyusu qazıb. Nəticədə cari ilin iyun ayının sonuna 87 hasilat və 40 texniki quyu (suvurma və qazvurma) istismarda olub. Bunun nəticəsində konsorsium AÇG-dən 116 milyon barel neft hasil edib.
İndi gəlin 2014-cü ilin eyni dövründəki vəziyyətlə tanış olaq: müqavilə sahəsində 81 hasilat quyusu və 36 texniki quyu istismarda olub. Bu dövrdə konsorsium 8 hasilat quyusu və 1 suvurma quyusu qazıb. 2014-cü ilin I yarıısında AÇG üzrə hasilat 118,8 milyon barel təşkil edib.
Yəni cari ildə hasilat quyularının 6 ədəd, texniki quyuların sayının isə 4 ədəd artmasına baxmayaraq hasilat 6 ayda 2,8 milyon barel azalıb.
“BP-Azerbaijan” sirkətin açıqladığı məlumatına görə, neft hasilatının başlandığı 1997-ci ilin noyabr ayından 2015-ci il iyunun sonuna qədər AÇG-dən 2,7 mlrd. barel və ya 366 mln. tondan artıq neft hasil edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları BP (Böyük Britaniya – 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.