SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) “Neft Daşları”ndan Çilov adasına sualtı kabel xətti çəkməyi planlaşdırır. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
35 kV-luq sualtı kabel xətti “Neft Daşları”ndakı Qazturbinli Elektrik Stansiyasını (QTES-48) Çilov adası ilə birləşdirəcək.
Bu layihənin məqsədi Çilov adasının fasiləsiz elektrik enerjisi ilə təmin olunmasıdır. Kabel xəttinin uzunluğu 24,2 kilometr təşkil edəcək və dənizin 22-28 metr dərinliyində çəkiləcək.
Çəkiləcək kabel xətti Finlyandiyanın “NOKİA” firmasının istehsalıdır. Kabelin alınması üçün SOCAR-ın “Neftqaztikinti” Tresti ilə “Leon Commrez AG” şirkəti arasında alqı-satqı müqaviləsi imzalanıb.
SOCAR-ın məlumatına əsasən, hazırda Çilov adasının elektrik təchizatı Dübəndidəki 110/35 kV-luq yarımstansiyadan dənizin üzəri ilə çəkilmiş 30,5 kilometr uzunluqlu elektrik ötürücü hava xətti vasitəsilə həyata keçirilir. Lakin 1986-1992-ci illərdə tikilmiş Damba-Çilov 110/35 kV-luq elektrik ötürücü hava xətti uzun müddət istismar olunduğundan burada qəza halları tez-tez baş verir.
Çilov adası Xəzər dənizində yerləşir, sahəsi 6 kvadrat kilometrə bərabərdir, Abşeron arxipelaqında adadır. Adanın şərq sahilində “Jiloy” qəsəbəsi yerləşir. Həmçinin adada “Çilov” yatağı yerləşir. Bu yatağın sənaye işlənməsi SOCAR tərəfindən 1952-ci ildən etibarən həyata keçirilir.