logo

Azərbaycan ixracının 91,3%-i neft-qaz sektoruna aiddir

Azərbaycan Dövlət Gömrük Komitəsi 2018-ci ilin 11 ayının yekunları üzrə xarici ticarət statistikasını açıqlayıb.

Hesabata əsasən, yanvar-noyabrda ixrac 5.4 mlrd. dollar (43.5%) artıb. Artım əsasən neft sektoru hesabına baş verib.

Gömrük statistikasına görə, neftin hər barelinin orta ixrac qiyməti 22 dollar (40%) yüksək olub və 11 ayın yekunlarına görə 76 dollar təşkil edib.

Təbii qazın hər 1000 kubmetrinin ixrac qiyməti 195 dollar təşkil edib 16% (27 dollar) yüksək olub.

Qiymətlərin yüksəlişi nəticəsində neft sektorunun ixracı ölkəyə əlavə 5.270 mlrd. dollar – ötən ilə nisbətən 47% artıq valyuta gətirib. İxracın ümumi artmının 97.5%-i neft-qaz ixracatı, cəmi 2.5%-i qeyri-neft sektoru hesabına təmin edilib.

2018-ci ilin yanvar-noyabrında Azərbaycanın ümumi ixracında neft-qaz sektorunun payı 91,29% təşkil edib. Bunun 81,60%-i xam neftin payına (2017-ci ilin müvafiq dövründə 77,09%), 2,68%-i  (2,33%) neft məhsullarının payına və 7,01%-i (9,25%) təbii qazın payına düşüb.

Qeyri-neft məhsullarının ixracı 10% (145 mln. dollar) artıb və 1.532 mln. dollar təşkil edib.

Ölkənin ümumi idxalı 2.5 mlrd. dollar (32%) artıb. Artımda dövlət sektorunun idxalının kəskin genişlənməsi həlledici rol oynayıb. Belə ki, dövlət müəssisə və təşkilatlarının idxalı ötən ilin 11 ayında 1 mlrd. dollar idisə, bu il təxminən 2.4 mlrd. dollar təşkil edib. İdxalın ümumi artımının 56%-i dövlət, 44%-i özəl sektor hesabına təmin edilib.

İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, 2016-cı ildə ölkədə iqtisadi böhranın dərinləşən, neftin qiymətinin ucuzlaşan vaxtlarında dövlət sektorunun idxalı üçün sərt məhdudiyyətlər qoyulmuşdu və bunun nəticəsində idxal kəskin azalmışdı. Ancaq hazırda idxalın artım tempi onu göstərir ki, həmin məhdudiyyətlər neftin aşağı qiymətləri ilə tarixdə qalıb.

Caspian Barrel

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart