2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $993 mln. məbləğində gəlir əldə edib. Bu barədə Neft Fondunun yaydığı məlumatda bildirilir.
Ötən ilin müvafiq dövründə AÇG-dən hasil edilən mənfəət neftinin satışından ARDNF-ə daxilolmalar $790 mln. təşkil edib.
Caspian Barrel qeyd edir ki, bu baxımdan Neft Fonduna cari ilin 2 ayında AÇG-dən daxilolmalar ötən ilin müvafiq dövrü ili müqayisədə $203 milyon və ya 25,7% artıb. Daxilolmalara səbəb isə neft qiymətlərinin kifayət qədər artımıdır. Belə ki, 2016-cı ilin yanvarında BTC FOB Ceyhan markalı neftin orta satış qiyməti bir barel üçün $32,33, fevralda isə $33,43 təşkil etmişdisə, cari ilin müvafiq aylarında $55,14 və $56,63 olmuşdu. Artım müvafiq olaraq 70,5% və 69,4% təşkil etmişdi.
“Ümumilikdə 2001-ci ildən 2017-ci il martın 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından $123 mlrd. 102 mln. məbləğində vəsait daxil olub”, – deyə məlumatda qeyd olunur.
2016-cı ildə AÇG-dən hasil edilən mənfəət neftinin satışından ARDNF-in gəlirləri $5,1 mlrd. təşkil edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları Britaniyanın BP (35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inpex” (10,96%), “Itochu” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.