Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) oktyabrın 21-də Vyanada keçiriləcək iclasında və qeyri-OPEC ölkələrindən olan neft ekspertlərinin texniki konfransında iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində energetika naziri Natiq Əliyev məlumat verib. Nazir bildirib ki, iclasda müzakirə olunacaq məsələlər Azərbaycan üçün o qədər də vacib deyil.
“OPEC neft hasilatının azaldılmasına bir neçə dəfə baxıb və bu məsələ çox vacibdir. Lakin Səudiyyə Ərəbistanı başda olmaqla OPEC ölkələri heç vaxt buna getməyiblər. Şübhəsiz ki, əgər vaxtında belə bir qərar qəbul olunsa, neftin hasilatı aşağı salınsa və gündəlik 1-2 milyon barrel nəzərdə tutulsa idi o zaman dünya bazarında neftin qiyməti də bahalaşardı. Bu, Azərbaycan üçün də əlverişli olardı”, – deyə N.Əliyev qeyd edib.
O bildirib ki, qeyri-OPEC ölkələri də bunun üçün müəyyən səylər göstəriblər. Bir neçə görüşlər keçirilib və qeyri-OPEC ölkələri birgə neft hasilatının azaldılması ilə bağlı qərar qəbul etmək istəyiblər. Hətta bir il öncə Azərbaycana da belə bir təklif olub. O zaman bildirildi ki, əgər başqa ölkələr və şirkətlər belə qərar qəbul etsələr Azərbaycan ola bilsin ki öz neft hasilatını azaltsın. Ancaq Azərbaycanda hasil olunan neftin hamısı yalnız dövlətin deyil və konsorsiuma aiddir. Ona görə bununla əlaqədar qərarı yalnız dövlət və ya hökumət qəbul edə bilməz.
Xatırladaq ki, OPEC üzvü olmayan səkkiz – Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya kimi ölkələr oktyabrın 21-də Vyanada keçiriləcək təşkilatın və qeyri-OPEC ölkələrindən olan neft ekspertlərinin texniki konfransına dəvət olunublar.
Neft Araşdırmaları Mərrkəzi Caspian Barrel-in rəhbəri İlham Şaban isə nazir Natiq Əliyevin Vyana görüşündən imtinasını dövlətin payının hasilatda az olması izahını məntiqli hesab etmir. “Ən azından ona görə ki, OPEC üçün vacib olan dövlətin dünya bazarına nə qədər çıxaracağı həcmlərdir, daha onun kimə məxsusluğu deyil. İkincisi, məgər nazir bilmir ki, təkcə 2015-ci ildə Azərbaycanın neft hasilatı ötən illə müqayisədə ən azı 700 min ton azalacaq və 2016-cı ildə isə bu rəqəm optimist ssenari üzrə 500 min ton olacaq. Yəni Azərbaycanın öz istəyindən asılı olmayaraq onun nefti obyektiv faktorlarla azalmaqdadır. Bunu Vyanadakı OPEC ekspertləri çox gözəl bilirlər. Azərbaycan kimi dünya bazarında kiçik hasilat və ixrac həcminə malik bir ölkəyə OPEC bundan əlavə daha bir kvota da yükləməlidir? Belə olan şəraitdə rəsmi Bakının hər il qatıldığı mərasimdən birdən birə vaz keçməsi o qədər də aydın deyil”, – deyə İlham Şaban bildirib.