Neft ucuzlaşdıqca Britaniyanın neft sənayesinin “böhranlı” vəziyyəti də dərinləşir, sənayenin yüksək rütbəli işçisi BBC-ə bildirib.
Neft şirkətləri və bu sahənin xidmətçi qurumları qənaət etmək məqsədilə əməkdaşların sayını ixtisara salırlar.
Brindex müstəqil neft kəşfiyyatçıları assosiyasiyasının sədri Robin Allanın sözlərinə görə, sənaye “çökmək astanasındadır”.
Onun sözlərinə görə, neftin qiyməti bir barel üçün 60 dollar göstəricisindən aşağı düşdüyü halda Şimal Dənizdəki yeni neft layihələri gəlirliyini itirir.
Hamı zərər çəkir
“Bu qiymətlərlə iş qurmaq mümkün deyil”, Brindex-in sədri və Premier Oil şirkərinin direktoru Robin Allan BBC-ə bildirib.
“Dərin böhrandayıq. Sənaye yeni şəraitə alışmağa çalışır, lakin bunun üçün işçiləri, layihələri, xərcləri ixtisar etmək lazımdır – bu, həm işçilər, həm şirlkət, həm də ölkə üçün ağrıvericidir.Yeni investisiyalar baxımından vəziyyət iflasa yaxındır – hamı zərərdədir, işçilər, gələn ilin büdcəsi ixtisar olunur”, Robin Allan deyib.
Onun qənaətincə, ixtisarların əksəriyyəti “səssiz-küysüz” aparılacaq, çünki neft yataqlarında işlər adətən məhdud müddətli iş müqavilələri əsasında görülür, bu səbəbdən də belələrinin ixtisara salınması problem yaratmayacaq.
Bu arada Britaniya hökümətinin neft sənayesi üzrə müşaviri Ian Wood-un ötən həftə verdiyi proqnoza görə, növbəti il yarım ərzində Şimal Dəniz neft yataqlarında çalışan işçilərin ixtisar olunacağı gözlənilir.
Tənəzzül
Bu arada ABŞ-da mənzillənən ConocoPhillips neft nəhəngi Britaniyadakı layihələrində 1,650 iş yerindən 250-ni ixtisara salıb.
Bu ay ərzində neftin ucuzlaşması müqabilində şirkət xərclərində 20% azaltdığını elan edib.
Digər neft şirkətlərində də buna bənzər addımların atılacağı gözlənilir.
Goldman Sachs investisiya bankının keçirdiyi təhlilə əsasən, hazırkı qiymət şəraitində neft şirkətləri, layihələrinin gəlirliyini bərpa etmək üçün xərclərini orta hesabla 30% ixtisar etməlidir.
Neft sənayesində çalışan köməkçi şirkətlər də neftin ucuzlaşması səbəbindən ziyana düşüb.
Neft yataqlarında xidmət işləri görən, Texasda mənzillənmiş Schlumberger şirkəti 800 milyon dollar zərərə düşdüyündən Britaniyadakı geoloji kəşfiyyat gəmiləri donanmasını dekabr ayında ixtisara salmalı olub.
Aberdində mənzillənən Wood Group şirkəti işçilərin maaşını dondurduğunu elan edib.
Britaniyada neft və qaz istehsalı 1999-cu ildən azalmaqdadır.
Yalnız 2013-cü ildə sənayeyə rekord dərəcədə investisiyalar edilməsi sayəsində bu azalmanı ləngitmək mümkün olmuşdu.
Ehtiyatları tükənən Şimal Dənizinə söykənən Britaniyanın neft sənayesi ümidlərini yeni investisiyalara bəsləyir, lakin neftin dünyada ucuzlaşması həmin ümidlərə kölgə salıb.