logo

I rübdə AÇG blokunda neft hasilatı 4 mln barel azalıb

Views: 311

2023-cü ilin I rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan 35 milyon barelə yaxın neft hasil edilib.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi “BP-Azərbaycan” şirkətinin
(layihənin operatoru) rüblük hesabatına istinadən xəbər verir.

2022-ci ilin I rübündə AÇG blokundan ümumilikdə 39 milyon barel neft hasil edilmişdi. Beləliklə, 2023-cü ilin yanvar-mart aylarında həmin müqavilə sahəsindən neft hasilatı 4 mln barel və ya 10,26% azalıb.

BP-nin məlumatına görə, şirkət blokun işlənməsi layihəsi üzrə xərcləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,9% – $487 milyona qədər azaldıb. Bunun $115 milyonu əməliyyat xərclərinin, $372 milyonu isə əsaslı xərclərin payına düşüb.

I rübdə blokdan gündə orta hesabla 386 min barel (2022-ci ilin I rübündə 434 min barel), o cümlədən “Çıraq” platformasından 24,1 min barel (25 min barel), “Mərkəzi Azəri” platformasından 100 min barel (106 min barel), “Qərbi Azəri” platformasından 93,3 min barel (112 min barel), “Şərqi Azəri” platformasından 64,2 min barel (70 min barel), “Dərinsulu Günəşli” platformasından 69,4 min barel (79 min barel), “Qərbi Çıraq” platformasından 35 min barel neft (42 min barel) hasil edilib.

2022-ci ildə AÇG blokundan 152 milyon barelə yaxın (20,4 mlyon ton) neft hasil edilib, azalma 9% təşkil edib.

AÇG layihəsinin iştirakçıları bu şirkətlərdir: BP (Böyük Britaniya) 30,37%, SOCAR (Azərbaycan) 25%, MOL (Macarıstan) 9,57%, ExxonMobil (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27% və TPAO (Türkiyə) 5,73%.

0

Your Cart