logo

BP AÇG-də quraşdırılacaq yeni platformadan ilk nefti 2024-cü ilin əvvəlində gözləyir

Views: 217

BP şirkəti Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun “Mərkəzi Şərqi Azəri” platformasından ilk nefti 2024-cü ilin əvvəlində gözləyir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bunu BP-nin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

“Bu platformanın dayaq bloku Azərbaycan Prezidentinin iştirakı ilə dənizə yola salınıb (2022-ci ilin dekabrında – İF). Platformanın üst bloklarını dənizə bu il yola salacağıq. 2023-cü ildə “Mərkəzi Şərqi Azəri” platformasından birinci quyunun qazılmasına başlamağı planlaşdırırıq, müvafiq olaraq ilk neft 2024-cü ilin əvvəlində gözlənilir”, – deyə o, CBC telekanalına müsahibəsində bildirib.

Vitse-prezident xatırladıb ki, indiyədək AÇG yataqlar blokundan neft hasilatı altı platformadan həyata keçirilib, “Mərkəzi Şərqi Azəri” platforması 7-ci olacaq. “Bu, tamamilə yeni, müasir, yaxşı texniki göstəricilərə malik platforma olacaq. Bu isə bizə AÇG-də hasilatı stabilləşdirməyə kömək edəcək”, – deyə B.Aslanbəyli qeyd edib.

Onun sözlərinə görə, AÇG-də hasilat quyularının sayının artmasına baxmayaraq, neft hasilatının azalması müşahidə olunur.

““Əsrin müqaviləsi” (AÇG blokunun işlənməsi haqqında – İF) 1994-cü ildə imzalanıb, o vaxtdan 28 il ötüb və müvafiq olaraq müəyyən quyuların məhsuldarlığı kifayət qədər aşağı düşüb və nəticə etibarilə hasilat ildən-ilə azalır. Biz hər il daha çox quyu qazmağımıza baxmayaraq – 2021-ci illə müqayisədə keçən il daha çox quyu qazmışıq – təəssüf ki, hasilat azalır. Biz bu məsələni həm SOCAR şirkəti ilə, həm də hökumətlə (Azərbaycan – İF) ciddi şəkildə müzakirə edir, müəyyən əlavə tədbirlər görürük. Belə tədbirlərdən biri də yeni “Mərkəzi Şərqi Azəri” platformasının tikintisidir”, – deyə B.Aslanbəyli bildirib.

Energetika Nazirliyinin məlumatına görə, 2022-ci ildə AÇG-də 20,4 milyon ton neft (azalma 9,3%) və 13,4 milyard kubmetr səmt qazı (2021-ci ildəki səviyyədə – İF) hasil edilib.

AÇG-nin işlənməyə başladığı dövrdən 2023-cü il yanvarın 1-dək blokdan 567 milyon ton neft və 203,4 milyard kubmetr səmt qazı hasil edilib.

“Mərkəzi Şərqi Azəri” layihəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsini təşkil edir.

Layihə çərçivəsində 48 quyunun qazılması planlaşdırılır. Qazma işləri “TURAN Drilling Company” tərəfindən həyata keçiriləcək.

Layihənin məqsədi əlavə quyular qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.

19 aprel 2019-cu il tarixində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları “Mərkəzi Şərqi Azəri” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. Layihənin dəyəri $6 milyard təşkil edir. Bunun təxminən $3,2 milyardını tikinti işləri xərcləri, qalanını isə yeni quyuların qazılması da daxil olmaqla işlənmə xərcləri təşkil edir.

Layihə suyun 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisini nəzərdə tutur.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb.

Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Layihə çərçivəsində BP (Britaniya – layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, “ONGC Videsh” (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

0

Your Cart