logo

Azərbaycanın AÇG və “Şahdəniz”dən mənfəəti 1,9 dəfə artıb

Views: 468

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qaz satışından $10 milyard 518 milyon məbləğində gəlir əldə edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,9 dəfə çoxdur.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.

Yanvar-noyabr aylarında ARDNF AÇG blokundan hasil edilən mənfəət neftinin satışından $9 milyard 161 milyon gəlir (artım 73,8% – İF) əldə edib.

Bu dövrdə ARDNF “Şahdəniz” yatağından çıxarılan mənfəət qazı və kondensat satışından $1 milyard 357 milyon məbləğində gəlir (artım 1,86 dəfə – İF) əldə edib. Fondun kondensat satışından gəlirləri $328,567 milyon təşkil edib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə BP (Britaniya – layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.

1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

0

Your Cart