logo

“Çıraq” yatağından ilk neftin hasil edilməsindən 25 il ötür

Views: 209

Bu gün biz Çıraq platformasından ilk hasilatın 25 illiyini qeyd edirik. 25 il bundan əvvəl, 7 noyabr 1997-ci il tarixində Azəri-Çıraq-Günəşli (AÇG) yatağında ilk neft “Çıraq” platformasından hasil edildi və bu, Azərbaycanın müstəqil neft strategiyasının həyata keçirilməsinin başlanğıcı oldu.

Bu haqda AÇG-nin operatoru olan bp şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli özünün LinkedIn hesabında paylaşdığı məqaləsində yazır.

Aslanbəyli qeyd edir ki, bu hadisə, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yataqlarının birgə işlənməsi üçün ölkə tarixində ilk Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) çərçivəsində hasilatın başlanması ilə əlamətdar idi. “Azərbaycan Prezidenti və ümummilli lideri Heydər Əliyevin 27 oktyabr 1997-ci il tarixində imzaladığı fərmana əsasən, 1997-ci il noyabrın 12-də bu strateji əhəmiyyətli hadisə Azərbaycanın işıqlı gələcəyini təcəssüm etdirən bir nailiyyət kimi bütün ölkə miqyasında rəsmi şəkildə qeyd olundu”, deyə bp-nin vitse-prezidenti vurğulayır.

Həmin vaxtdan bəri “Çıraq” böyük bir tarix yazıb. 2002-ci ildə bp şirkətində işə başladığımda “Çıraq” platforması faktiki olaraq AÇG yatağından hasilatın və ixracın yeganə mənbəyi idi. Bu, 2005-ci ildə daha böyük və müasir AÇG platformaları istismara verilənədək belə davam etdi.

Aslanbəylinin sözlərinə görə, indi artıq 25 il sonra, yüksək texnologiyalı beş müasir hasilat platforması ilə birlikdə tarixi “Çıraq” AÇG-dən hasilatın təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirilməsində böyük rol oynamağa davam edir.

Bu günə qədər “Çıraq” platformasından ümumilikdə təxminən 766 milyon barel (103 milyon ton) neft hasil edilib ki, bu da AÇG yatağından ümumi hasilatın təxminən beşdə birini təşkil edir.

Aslanbəyli “Çıraq” platformasından hasilatın başlanması ilə AÇG-nin Xəzərin “qəhrəmanına” çevrildiyini qeyd edir. “O vaxtdan bəri bu nəhəng yataq davamlı olaraq Azərbaycanı və regiondakı ölkələri təhlükəsiz, səmərəli və etibarlı şəkildə enerji ilə təmin edir. Biz inanırıq ki, AÇG bu mühüm və şərəfli missiyanı növbəti onilliklər ərzində də layiqincə yerinə yetirəcək”, deyə bp vitse-prezidenti bildirir.

Onun sözlərinə görə, AÇG-nin nə qədər uğurlu olduğunu anlamaq üçün rəqəmlərə nəzər salmaq kifayətdir. Bu günədək AÇG layihəsi çərçivəsində:

  • 3,9 milyard barel neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edilib, 5000-dən çox tankerə yüklənib və dünya bazarlarına göndərilib,
  • tərəfdaşlarla birlikdə 42 milyard ABŞ dolları həcmində kapital investisiya qoyulub,
  • ARDNF-in sonuncu hesabatına əsasən, indiyə qədər dövlət tərəfindən 163 milyard dollar həcmində mənfəət əldə olunub.
Chirag Patform, Caspian Sea, Photo: Stuart Conway/ BP

Aslanbəyli bu əlamətdar gündə həmçinin Xəzər regionunda bp-nin əməliyyatçısı olduğu digər bir layihənin – Şahdəniz layihəsinin də uğurunu vurğulayıb. “AÇG və Şahdəniz ölkənin tarixində yeni bir səhifə açaraq müstəqil Azərbaycanın iqtisadi dirçəlişi üçün güclü zəmin yaratdı. Bu nəhəng layihələrin operatoru olaraq indiyədək əldə olunmuş bu və digər möhtəşəm nailiyyətlərlə qürur duyuruq”, deyə o, bildirib.

bp vitse-prezidentinin fikrincə, həm AÇG-nin, həm Şahdənizin müstəsna uğurlarının əsasında iki aparıcı amil durur.

Birincisi, bu dünya səviyyəli layihələrin uğurla həyata keçirilməsinə imkan yaratmış çoxsaylı tərəflərin nümayiş etdirdiyi əməkdaşlıq və strateji tərəfdaşlıqdır. Bütün tərəflərin, xüsusilə də Azərbaycan Hökumətinin göstərdiyi etimad və sarsılmaz dəstək olmasaydı, bu uğurlar, çətin ki, mümkün olardı.

Bu il bp Azərbaycanda fəaliyyətinin 30 illiyini qeyd edir. Bu illər ərzində biz Azərbaycanın uzunmüddətli və etibarlı enerji tərəfdaşına çevrilərək, burada hökumət, SOCAR və digər tərəfdaşlarımızla birlikdə enerji sənayesində ən uğurlu tərəfdaşlıqlardan birini qurmuşuq.

İnanırıq ki, bu nümunəvi əməkdaşlıq sayəsində Xəzərdə əməliyyatçısı olduğumuz bütün layihələr gələcəkdə də Azərbaycana faydalar gətirməkdə davam edəcək.

İkinci və ən başlıca amil isə bu layihələrin həyata keçirilməsi üçün əllərindən gələni əsirgəməyən neftçilərimizdir. Həm AÇG, həm Şahdəniz dünyanın müxtəlif yerlərindən minlərlə insanın töhfə verdiyi əsl beynəlxalq miqyaslı layihələr olsa da, işin əksər hissəsi ölkə daxilində yerli kadrlar tərəfindən yerinə yetirilmişdir.

B.Aslanbəyli: “Biz xüsusilə qürur duyuruq ki, 2018-ci ilin ortalarından başlayaraq bp-nin ixtisaslı işçilərinin 90%-ni artıq milli kadrlar təşkil edir. Onların bir çoxu hazırda bp-nin qlobal ofislərində rəhbər vəzifələrdə işləyir”.

Azərbaycan tarixən görkəmli neft mütəxəssisləri yetişdirib və bu illərin təcrübəsini layihələrimizdə çalışan yeni nəsil milli mütəxəssislər uğurla davam etdirir. Məsələn, 25 illiyini qeyd edən “Çıraq”da hazırda çalışan 60 bp işçisinin hamısı dünya səviyyəli yerli mütəxəssislərdir və platformanın növbəli işləyən hər iki rəhbəri də Azərbaycan vətəndaşlarıdır.

bp vitse-prezidenti: “Təsadüfi deyildir ki, möhtərəm cənab Prezident İlham Əliyevin ali dövlət mükafatları ilə təltif etdiyi neftçilər sırasında bp şirkətinin əməkdaşları da var. Fürsətdən istifadə edərək, şirkətimizin fəaliyyətinə verdiyi yüksək qiymətə görə cənab Prezidentə şirkətimiz adından təşəkkür etmək istəyirəm”.

Bütün tərəflər arasında yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq, o cümlədən neftçilərin cəsarəti, fədakarlığı və əzmi sayəsində Azərbaycan dünyanın mühüm enerji təchizatçılarından birinə çevrilib. Və gələcək illərdə də belə qalacaq, deyə Bəxtiyar Aslanbəyli fikrini tamamlayıb.


0

Your Cart