logo

“Abşeron”dan hasilatın başlanmasına görə Neft Fonduna bonus ödənişləri olacaq

Views: 174

2023-cü ildə “TotalEnergies” Xəzərdə “Abşeron” yatağında hasilata başlayandan sonra ARDNF-yə $21 milyona yaxın vəsait ödəyəcək

“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına əsasən, 2023-cü ildə Dövlət Neft Fondu (ARDNF) “Abşeron” yatağında hasilata başlanması ilə əlaqədar Fransanın “TotalEnergies” şirkətindən $20,8 milyon məbləğində bonus əldə etməyi planlaşdırır.

“Şirkət “Abşeron” yatağında hasilata başlayandan 30 gündən sonra bonus ödənişlərini həyata keçirəcək”, – deyə AR Hesablama Palatasının 2023-cü il üçün proqnoz məlumatlarında bildirir.

Noyabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2023-cü ildə Xəzərdə “Abşeron” yatağında qaz hasilatına başlanması planlaşdırılır.

“Abşeron” yatağının işlənməsi ilə “SOCAR Absheron” (50%) və “TOTAL E&P Absheron” (50%) tərəfindən təsis edilmiş “Joint Absheron Petroleum Operating Company” (JOCAP) məşğul olur. Müqavilə 27 fevral 2009-cu ildə imzalanıb və 30 il müddəti var. Müqavilə sahəsi 747 kv. km təşkil edir.

“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 650 metr dərinliyinə qədər olan hissəsində yerləşir. Yataq 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat ehtiyatına malikdir.

2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. İlkin təsdiq edilmiş ehtiyatlar bir daha təsdiqini tapıb. Yataq mərhələli şəkildə işlənəcək.

Caspian Barrel bildirir ki, birinci mərhələdə ildə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Bu mərhələ çərçivəsində hasil edilən qaz Azərbaycanın daxili bazarına yönəldiləcək, kondensat isə ixrac ediləcək.

İkinci mərhələ çərçivəsində hasil edilən qazın ixrac edilməsi planlaşdırılır. Amma hələlik hansı həcmdə hasilat müəyyənləşməyib, çünki ikinci mərhələnin işlənmə proqramı müzakirə edilir, onun təsdiqi 2023-cü ildə planlaşdırılır və ilkin məlumatlara görə, hasilatın başlanması üçün kommersiya müqavilələri imzalandıqdan sonra ən azı 48 ay müddət lazım olacaq.

0

Your Cart